Ermənistanın qazandığından çox xərcləməsi onu “qırmızı zolağa” daxil edir - ŞƏRH

 22:10 21.11.2020     60

“Əlbətdə Ermənistanın 44 günlük müharibə itkiləri çoxdur. İlkin hesablamalara görə, 2,7 milyard dollarlıq hərbi itkidən söhbət gedir. Bu itkinin miqyası Ermənistanın valyuta ehtiyatlarından 100 milyon dollar çoxdur. Bu, o deməkdir ki, Ermənistan ehtiyat üçün saxladığı pulu həmin hərbi potensialı doldurmağa çalışacaq”.

Publika.az xəbər verir ki, bunu Ermənistan iqtisadiyyatının müharibədən sonrakı vəziyyətini şərh edən İqtisadi Təhlil İnstitutunun sədri, iqtisadçı alim Məhəmməd Talıblı deyib.

Onun sözlərinə görə, bundan sonra Ermənistan xarici borclanmaya getmək məcburiyyətində qalacaq: “Ermənistanın dövlət büdcəsinin 700 milyon dollarlıq müdafiə xərcləri olduğu halda, onun təkcə 1 aylıq hərbi itkiləri 2,7 milyard dollar səviyyəsində olub. Bu, o deməkdir ki, 2,7 milyard dollarlıq hərbi itikiyə məruz qalan ölkənin müdafiə qabiliyyəti ondan 4 dəfə kiçikdir. Belə hərbi itkilərin davam edəcəyi təqdirdə, ona bir dövlət olaraq hətta valyuta ehtiyatları kömək edə bilməz. Müdafiə xərclərini artırmaqla xarici borclarını da daha çox artırmış olurlar. Ermənistan məhz bu yolla gedir”.

M.Talıblı qeyd edib ki, uğursuz hərbi əməliyyatlarla Ermənistan kreditorlardan özləri üçün daha çox borc yükü götürmüş olur: “Təkcə son 1 aydakı Ermənistanın hərbi itkiləri 2,7 milyard dollar olduğu halda, bu müddətdə 400 milyon dollara yaxın dövlət borcları artıb. Ermənistanın rəsmi valyuta ehtiyatlarını ötüb keçən (2,6 milyard dollar) hərbi itkiləri başqa bir tərəfdən isə dövlət borclarını da 6% artırırsa, bu, ondan xəbər verir ki, müharibə bir neçə ay çəksəydi, Ermənistanın xarici dövlət borcları kəskin artacaqdı. Müharibənin 44 gündə dayanması bu dövlətin borclarını da qismən dayandırdı. Çünki ixracat imkanları zəif olan, valyuta daxilolma diapazonu dar olan bir ölkənin qazandığından çox xərcləməsi onu “qırmızı zolağa” daxil edir”.

“Başqa sözlə desək, Ermənistanın bir dövlət kimi defolt cığırında sürətlə “irəliləyir”. Bunu dərk etmələri lazım. Azərbaycanın iqtisadi baxımdan ekspansiyası davam etsə, onlar bir dövlət olaraq çökdürməyə yaxın bir hala gətirə bilər. Bunun sadəcə düşən ölkə olduğu üçün demirəm, ortada müqayisəli iqtisadi təhlillərdən çıxan nəticə olaraq deyirəm. Ortada makroiqtisadi indikator və onların kövrək olmasından söhbət gedir. Makroiqtisadi sabitliyin sürətlə müvazinətini itirdiyi halllar bu dövlət üçün spesifikdir”,-deyə iqtisadçı əlavə edib.

Şamo Emin


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_tehlil/336516.html