"Müalicənin, testlərin və vaksinlərin hər kəsə əlçatan olması..."

 08:37 27.11.2020     57

İqtisadi tərəqqiyə nail olmaq üçün pandemiyanın yayılmasını dayandırmaq lazımdır. Müalicənin, testlərin və vaksinlərin hər kəsə əlçatan olması qlobal ictimai rifahdır. Mən dünya liderlərini bu səyləri tam dəstəkləməyə və maliyyələşdirməyə çağırıram.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterriş aparıcı iqtisadçıların BMT-nin himayəsi altında keçirdiyi virtual görüşdə söyləyib.

BMT Baş katibi hesab edir ki, ölkələrə milli səviyyədə "Yeni ictimai müqavilə", ümumən beynəlxalq ictimaiyyətə isə pandemiyadan sonra iqtisadiyyatı bərpa etməyə və onun səmərəliliyini artırmağa imkan verəcək "Yeni qlobal Pakt" lazımdır.

Quterriş pandemiyanın lap əvvəlindən dünya iqtisadiyyatının xilas edilməsi istiqamətində genişmiqyaslı tədbirlər görməyə və onların həyata keçirilməsi üçün qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 10 faizindən az olmayaraq vəsait ayırmağa çağırıb. BMT başçısı çoxu iqtisadi kollapsın astanasında olan inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin göstərilməsinin vacibliyini xatırladıb.

O vurğulayıb ki, iqtisadiyyatın bərpası yeni yolla - davamlı inkişaf məqsədlərinə uyğun şəkildə, sosial ədalət və ətraf mühitin qorunması prinsipləri çərçivəsində həyata keçirilməlidir.

"Getdikcə daha çox ölkə karbon neytrallığını təmin etmək öhdəliyini öz üzərinə götürür. Payına qlobal emissiyaların 65 faizindən və dünya iqtisadiyyatının 70 faizindən çoxu düşən ölkələr növbəti ilin əvvəlində karbon neytrallığını təmin etmək öhdəliklərini öz üzərinə götürə bilər", - deyə baş katib bildirib.

O, digər ölkələri də bundan nümunə götürməyə çağırıb. "Karbon neytrallığı" o deməkdir ki, karbon qazı tullantılarının həcmi okeanlar və meşələrin udduğu həcmdən çox olmur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/900141.html