Şərəfim, ləyaqətim özümə qayıtdı - Fred Asifin qardaşı

 00:36 28.11.2020     61

Mənim şərəfim, ləyaqətim özümə qayıtdı. Ağdamda yaşamaq mənim üçün böyük bir ucalıqdır. İndi Ağdamsız deyiləm, ağdamlıyam. Ora dizin-dizin gedəcəyimə and içmişdim. Getdim, məscidimizə baxdıq, oraları gəzdik. Heç nə salamat qalmayıb, hər şeyi məhv ediblər. O torpaqlara o qədər tamarzı qalmışdıq ki. Çox təəssüf ki, doğma “Şelli” postumuza gedə bilmədik. Çünki ermənilər bir çox yerləri minalayıblar, hələ oralar təmizlənməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Qəhrəman, "Fred Asif" ləqəbi ilə tanınan Asif Məhərrəmovun qardaşı, Qarabağ qazisi Ədalət Məhərrəmov Moderator.az-a açıqlamasında deyib.

O, doğma diyarı Ağdamdan yeni qayıtdığını bildirib.

Ədalət Məhərrəmov Birinci Qarabağ müharibəsi zamanı Asifin özünümüdafiə taboru yaratdığını və torpaqlarımızın müdafiəsinə qalxıb mərdliklə vuruşduğunu xatırladıb. Hətta qardaşları Səxavət, Bəhlul və Mahirin də Asif Məhərrəmovun batalyonunda döyüşdüyünü bildirib:

“Füzuliyə Ergi düzündən "Qrad" atmağa getmişdik, eşitmişdik ki, ermənilər oranı zəbt etməyə hazırlaşır. 1992-ci il mart ayı idi. Asif “Qrad” qurğularıyla əməliyyat edirdi. Getdik Qırmızı Bazarı bombalamağa. Onda dedi ki, ya Rəbbim, ya Seyid Lazım Ağanın cəddi, atdığım mərmi qocaya, uşağa dəyməsin, döyüş meydanında olan düşmənə dəysin. Mən onlarla döyüşürəm, düşmənimlə döyüşürəm”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/519103.html