Böyük Qələbəyə bir neçə saat qalmış şəhid olan qəhrəmanımız - FOTO

 16:31 28.11.2020     57

"Allah yolunda öldürülənlərə (Şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz" - "Qurani-Kərim, "Bəqərə" Surəsi, 154.

"Allah yolunda öldürülənləri (Şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (Cənnət ruzisi) əta olunur!" - "Qurani-Kərim, "Əli-İmran" Sursi, 169.

Bəli, Şəhidlik adi bir ölüm deyil, Allah, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban verməkdir, bildiyimiz - bilmədiyimiz bütün fədakarlıqların ən böyüyüdür. Çünki Şəhidlik - insana verilmiş ən dəyərli nemət olan ömür payını qoynunda yaşadığın Vətənə və onun gələcək nəsillərinin xoşbəxtliyinə bağışlamaqdır. Vətən sevgisi imandandır, bircə gün Vətənin keşiyində durmaq bütün dünyadan və dünyanın içində var olan hər şeydən daha üstün və xeyirlidir. Çünki bu yolda itki yoxdur.

Uhud döyüşündə Həzrəti Məhəmməd Peyğəmbərin yanına dəmir zirehli bir kişi gələrək belə deyir: "Ya Rəsulullah! İcazə ver döyüşüm, sonra da müsəlman olum". Hz. Peyğəmbər isə cavabında "Əvvəl müsəlman ol, sonra vuruş" deyə buyurur. Həmin adam müsəlmanlığı qəbul edir, ondan sonra müsəlmanların tərəfində döyüşə girir və elə həmin gün də döyüşdə şəhid edilir. Bunu görən Rəsulullah belə buyurur: "Az işlədi, amma çox qazandı".

Bəli, Şəhidlik itki deyil, qazancdır. İnsan üzərində mütləq hakim olan ölümün ən şərəflisi, ən ləyaqətlisidir. Bu ölüm, adi bir məişət hadisəsi deyil, tarixə, əfsanəyə çevrilən hadisədir Şəhidlik. Məhəmməd ümmətinə xas üstün bir qayə, yüksək bir mərtəbədir, hər kəsə nəsib olmayan xoşbəxt bir aqibətdir Şəhidlik.

İslam Hədislərinə görə, Şəhidlər Qiyamət günü mükafatlarını alacaq, Cənnətdə dilədikləri yerə gedə biləcəklər və onların haqq-hesab günü başqa müsəlmanlara (öz ailələrinə) şəfaət etmək səlahiyyəti olacaqdır. Hətta onlar aldıqları böyük mükafata görə təkrar-təkrar dirilib yenidən Şəhid olmağı arzu edirlər. Həzrəti Məhəmməd Peyğəmbər belə buyurmuşdur: "Kim şəhid olmağı ürəkdən diləsə, Allah onu yatağında ölmüş olsa belə, Şəhidlərin mərtəbəsinə qaldırar".

Birinci Qarabağ müharibəsində olduğu kimi, ikinci müharibədə də çoxsaylı əsgərlərimizə nəsib oldu Şəhidlik məqamı. Onları itirdikcə ağladıq, sızladıq, amma çarəsiz də deyildik, içimizdə bir ümidimiz, nicatımız var idi - o da böyük Qələbəyə olan inam hissi idi. O inam ki, ölümün gözünə dik baxmağa, qorxunu yenib qələbə əzminə köklənməyə çağırırdı bizi. O yüksək ruhun səsi "Qorxmayın, hər şey yaxşı olacaq" deyirdi bizə. Şəhid Nicat Tarverdiyev kimi....

22 yaşlı Nicata körpə fidan deyərdim, əgər onun keçdiyi qəhrəmanlıq yolunu görməsəydik, bilməsəydik. Bu kiçicik ömürə nə boyda şücaət sığarmış, o nurlu simanın altında necə döyüşkən, əzmkar bir ruh gizlənibmiş.... 22 illik ömrün 44 gününə nə böyüklükdə tarix sığarmış.... Bəzən 100 il ömür sürüb, amma o 44 günlük ömrün şərafətini yaşaya bilmir insan. Nicat yaşadı bu ömrü.

Şəhid Tariverdiyev Nicat Şöhrət oğlu ailənin yeganə övladı, anasının tək ümidi idi. Onun hərb yolu ali məktəbi bitirən kimi, 2020-ci ilin iyulunda başladı. 23 iyulda Goranboya hərbi xidmətə yola düşən Nicatın qismətində həm də şanlı tariximizə çevrilən ikinci Vətən müharibəsinin iştirakçısı olmaq da varmış. 27 sentyabrda hərbi əməliyyatlar başlayandan bitənə qədər gərgin döyüşlərin getdiyi cəbhə bölgələrində olub. Nicat Tarverdiyev artilleriyaçı idi, çox gənc olmasına baxmayaraq, uşaqlıqdan aktiv idmanla məşğul olması onun döyüş qabiliyyətlərinin formalaşmasına kömək etmişdi. Sərrast atıcılıq qabiliyyəti ilə döyüşlərdə seçilirdi.

Onunla sonuncu bağlantı 8 noyabr tarixində, Şuşanın azad olunduğu gün baş tutmuşdu. Telefon danışığı zamanı ana-bala bir-birilərini bu qələbə münasibətilə təbrik etmişdilər. Ertəsi gün - 9 noyabrdan 10 noyabra keçən gecə müharibənin başa çatması münasibətilə bütün Azərbaycan xalqı kimi, Nicatın ailəsi də bu böyük bayramı qeyd edir, hər kəsdən təbrik zəngləri qəbul edir, hamıdan göz aydınlığı alırdılar. Qələbənin sevincini, şükranlığını Allah qarşısında da ifadə etmək üçün 10 noyabrda qurban kəsildi. Bakının Şüvəlan qəsəbəsində Mir Mövsüm Ağa məqbərəsində qurban kəsilmə mərasimi zamanı Nicatın anası Şükran xanımın telefonuna Hərbi Prokurorluqdan zəng gəldi. Və .....

"Muhəmmədin nəfsi qüdrət əlində olan Allaha and olsun, istərdim ki, Allah yolunda cihad edib öldürülüm, sonra yenə cihad edib öldürülüm, sonra yenə cihad edib öldürülüm!" - Hz. Peyğəmbər belə buyurub. Demək ki, hətta Peyğəmbərlərin belə qibtə və arzu etdikləri məqamdır Şəhidlik!

Şəhid Nicatın bu həyatdakı ömür yolu 9 Noyabr 2020-ci il tarixində bitdi, böyük Qələbə xəbərinə cəmi bir neçə saat qalmış. 16 noyabrda ikinci Fəxri Xiyabanda dəfn olundu, ertəsi gün 17 noyabrda 22 yaşını sevənləri, dostları onun məzarı başında qeyd etdi.

Nicat ailəcanlı, dostcanlı, mehriban, əxlaqlı, yüksək mədəniyyətə malik bir gənc kimi yaddaşlarda qaldı. Gələcəyə böyük ümidləri, xəyalları var idi. 2-ci kursda oxuyarkən öz təşəbbüsü ilə işə düzəlib, pul qazanmağa başlamışdı. İlk maaşından 1 manatı xatirə olaraq saxlamışdı ki, gələcəkdə - yüksək mövqelərə çatdıqda ilk qazancının simvolu olan həmin 1 manatı iş kabinetində divardan asaraq yadigar saxlasın. Gələcəyin potensial iş adamı anlayırdı ki, Vətən uğrunda müqəddəs Cihad fani həyatın bütün arzu-amallarından daha müqəddəs və əbədidir. O, doğru yolu seçdi.

"Nicatın seçimi Vətən oldu" deyir anası Şükran xanım: "Bizim həmişə başımız dik olmalıdı, çünki biz belə övladların analarıyıq".

Şəhidimizdən yadigar qalan son səsli mesajı: "Qorxmayın, hər şey yaxşı olacaq, darıxma!"

17.11.1998 - 09.11.2020. Bu, Nicatın fani həyatdakı ömür yolu idi. Şəhidin əsil ünvanı isə əbədiyyətdir!

Sevda Sultan
Trend.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/900754.html