Evdən çıxmaq qadağası, iş yerlərinin müvəqqəti bağlanması qaçılmazdır - DEPUTAT

 14:10 30.11.2020     72

"Koronavirus dünyanı narahat edən bir nömrəli məsələ olaraq qalmaqdadır. Dünya ölkələri zaman-zaman sərtləşdirici tədbirlər tətbiq edir və koronavirus infeksiyası ilə mübarizədə hər hansı nəticə əldə etməyə çalışır. COVID-19-un Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilməsindən 10 aya yaxın bir zaman keçməsinə baxmayaraq, dünya səhiyyəsi bu virus qarşısında hələ ki acizdir".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, bir çox ölkələr koronavirusa qarşı peyvənd tapdığını açıqlasa da, ümumi dövriyyəyə buraxılacaq və uzunmüddətli imunitetə hesablanmış vaksin hələ də ortada yoxdur: "Həm də COVID-19-a qarşı mübarizədə sübut olunmuş konkret təsiri olan müalicəvi dərman preparatının da olmaması ümumi işi çətinləşdirib. Təəssüf ki, koronavirus infeksiyası son günlər ölkəmizdə də böyük sürətlə yayılır.

Ordumuzun Vətən müharibəsindəki qələbəsi COVID-19-u ikinci plana çəkdi. Qələbə günlərində kütləvi tədbirlərin təşkil olunması, yas mərasimlərdəki kütləvilik və insanların qoruyucu vasitələrdən düzgün istifadə etməməsi koronavirus infeksiyasına yoluxmanın yenidən çoxalmasına imkan yaratdı. Son 15 günün dinamikasına diqqət yetirsək, gündəlik yoluxanların sayının 2000-dən 4200-ə qədər artdığını müşahidə edirik. Bu xəstəlikdən gündəlik ölüm sayı da 40 nəfərə çatmaqdadır. Ümumi aktiv xəstələrin sayı isə 43158 min nəfərə çatıb ki, bu da həyəcan təbilini çalmağı zəruri edib. Ölkəmizdə koronavirus xəstələrinin müalicəsi üçün ayrılmış çarpayı sayına diqqət yetirsək, yoluxmaların dinamikası belə davam edəcəyi təqdirdə səhiyyəmizin bu gözəgörünməz düşmən qarşısında aciz qalacağını demək heç də çətin deyil".

Deputat qeyd edib ki, bunun baş verməməsi üçün birinci növbədə hamının hər yerdə tibbi maskadan istifadə etməsi zəruridir: "Sosial məsafə və dezinfeksiya vasitələrindən effektiv istifadə etməklə bu artım dinamikasını azaltmaq mümkündür. Əks halda, hökumət yenidən sərtləşdirici tədbirləri tətbiq etməyə məcbur olacaq. Sərtləşdirici tədbirlər deyiləndə evdən çıxmaq qadağası, iş yerlərinin müvəqqəti bağlanması və digər qadağalardır ki, bu da insanlara müəyyən psixoloji və maddi çətinliklər yaradır. Koronavirus infeksiyasına yoluxmalarda yenidən kəskin artım olacağı təqdirdə qeyd etdiyim qadağaların tətbiqi qaçılmaz olacaq. Bunun baş verməməsi üçün bütün insanlar özlərini daha məsuliyyətli aparmalı, həmrəylik göstərməli, hamılıqla hər yerdə bu mübarizəyə qoşulmalı və dövlətə effektiv nəticələrin əldə olunmasına dəstək göstərməlidir. "Biz birlikdə güclüyük" şüarı bu gün həmişəkindən daha çox aktualdır və bu mübarizədə böyük birlik nümayiş etdirəcəyimiz təqdirdə qalib gələ bilərik".

Akqabay


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/337481.html