Qazimiz: Ruh yüksəkliyimiz böyük idi, əsgərlərimiz yaralı halda belə döyüşürdülər - VİDEO - FOTO

 22:44 30.11.2020     66

Ruh yüksəkliyimiz böyük idi, əsgərlərimiz yaralı halda belə döyüşürdülər. Müzəffər Ali Baş Komandanın qayğısı və rəhbərliyi, bizim qarşımıza qoyulan tapşırığa əsasən bütün şəxsi heyət o məsuliyyəti hiss edərək canla-başla yerinə yetirirdi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri şanlı Ordumuzun Vətən müharibəsində qazandığı tarixi zəfərlərdə əməyi olan qazimiz, xüsusi təyinatlı dəstənin komandiri, mayor Zaur Rəhimov səsləndirib.

İkinci Qarabağ müharibəsinin başlaması ilə Zaur Rəhimovun da arzusu reallaşır. Azərbaycanın haqq savaşında öz döyüş yoldaşları ilə birgə qəhrəmancasına vuruşan xüsusi təyinatlı dəstənin komandiri torpaqlarımızın işğaldan azad olunması üçün bu böyük fürsəti canı-qanı ilə dəyərləndirir. İlk dəfə Murovdağ silsiləsində gedən döyüşlərdə yaralanır, boynundan qəlpə yarası alır. Həkimlərin cərrahi müdaxiləsindən sonra qəlpə çıxarılır, cəsur döyüşçümüz bu hadisədən heç 10 gün keçməmiş cəbhəyə qayıdır: "Yaralandıqdan sonra bizim Ali Baş Komandanla görüşümüz oldu. Müzəffər Ali Baş Komandanın çıxışı, onun bizə verdiyi ruh yüksəkliyi və təbii ki, həkimlərimizin müalicələri nəticəsində tez bir zamanda sağalıb döyüşə qatıldım. Ruh yüksəkliyi çox böyük idi, əsgərlərimiz yaralı halda döyüşürdülər. Torpaqların azad olunmasını biz çoxdan arzu edirdik. Allaha şükürlər olsun ki, o tapşırıq xidmətimiz dövründə bizə verildi. Özümü ona görə xoşbəxt sayıram ki, bu tapşırığın icra olunmasında mən də iştirak etmişəm".

Şuşada ayağı snayper gülləsinə tuş gələn Zaur Rəhimov tezliklə sağalıb yenidən xidmətini davam etdirir. Ali Baş Komandan tərəfindən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunan komandirimiz Murov dağı silsiləsi və Şuşa ilə yanaşı, Cəbrayıl, Füzuli, Qubadlının dağ kəndləri, Xocavəndin Hadrut qəsəbəsi və bəzi kəndlərinin işğaldan azad olunmasında böyük şücaət göstərib. Qazimiz müharibədən, şərəfli döyüş yolundan, əsgər və zabitlərimizin şücaətlərindən elə həyəcanla danışırdı ki, şiddətli döyüşlər gözümüzün önündə canlanırdı. Aydın olurdu ki, müzəffər sözünün haqqını verən belə bir orduya yalnız Böyük Qələbə yaraşardı. Nəhayət, o zəfərin də bu gözlər şahidi oldu: "Hətta mən elə hərbi qulluqçu görürdüm ki, avtomatla belə tanka atəş açırdı, düşmən tankını qoyub qaçırdı. Hərbi qulluqçularımız kiçikçaplı silahlardan hücuma keçərək Şuşanı azad etdi. Bu əməliyyatda özüm də ağır yaralandım. Düşmənin strateji mövqelərinin alınması, müəyyən kəndlərimizin təmizlənməsində iştirak etmişəm. Sonuncu yaralananda artıq Şuşada noyabrın 6-sı düşmənin Xankəndi istiqamətindən gələn 2 bölməsini məhv etdik".

Ailədə Zaur 7 qardaşdan biridir. Qardaşlardan 5-i Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. İndi isə ailənin son beşiyi olan Zaur Rəhimov xalqımızın 28 illik Vətən həsrətinə son qoymaq naminə müharibədə yaralanıb və yaxınlarının yanındadır: "Ailəmiz adından Müzəffər Ali Baş Komandana minnətdarlığımızı bildiririk, şəhidlərin ruhu qarşısında baş əyirik. Allah cəmi şəhidlərimizi rəhmət eləsin və yaralı əsgərlərimizə də tez sağalmağı Allahdan arzu edirik".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/901199.html