“Mürucüz-zəhəb” kitabı nədən bəhs edir və müəllifi kimdir?

 22:55 10.12.2019     89

Adı çəkilən əsər ən məşhur tarix kitablarından sayılır və müəllifi Məsudidir. Məsudini (vəf. 958) bəzi şərqşünaslar "ərəblərin Herodotu" adlandırmışlar. O, məşhur səhabə Abdullah ibn Məsudun nəslindən olduğu üçün, bu ləqəblə tanınır. Məsudi elm ardınca müxtəlif ölkələrə (hətta Hindistan və Çinə) səfərlər etmiş, bu ölkələrin tarixini, adət-ənənələrini və coğrafi quruluşunu mükəmməl öyrənmişdir.

Məsudi həm tarix, həm də sırf dini-etiqadi mövzularda yazıb-yaratmışdır. Onun "İsbatül-vəsiyyə" kitabında keçmiş peyğəmbərlərin və onların canişinlərinin, eləcə də Həzrət Məhəmməd Peyğəmbərin (s) və 12 imamın həyatı işıqlandırılıb, Həzrət Əlinin (ə) imamlığına çoxlu sübutlar gətirilib. Buna əsasən, Məsudinin şiə əqidəsində olması təsbit edilir.

Məsudi tarix mövzusunda 30 cildlik bir kitab yazmışdı, təəssüf ki, əsər bu günümüzə gəlib-çatmayıb. Sonralar o, həmin əsəri xeyli ixtisar etdi və "Mürucüz-zəhəb" kitabı yarandı. "Mürucüz-zəhəb" yaradılışın əvvəlindən başlayaraq, miladi X əsrin ortalarına kimi dövrün hadisələrini əks etdirir. Kitab ərəb dilində qələmə alınmış, bir çox dillərə tərcümə olunmuşdur.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/interest/807922.html