Qarabağın bərpası üçün Bakının pulu olacaq, lakin... - Ekspert

 00:55 17.01.2021     53

Moskva görüşü əvvəllər əldə edilmiş razılaşmaların yerinə yetirilməsini fiksə elədi. Artıq nə Rusiya, nə də Fransa Ermənistanın maraqları uğrunda döyüşməyəcək.

Axar.az xəbər verir ki, bunu rusiyalı avrasiyaçı və iqtisadçı ekspert Aleksandr Razuvayev Vesti.az-a bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyevin haqlı qeyd etdiyi kimi, müharibə artıq keçmişdə qalıb. Savaşı Azərbaycan uddu və Moskvadakı sammit bunu qəti olaraq təsbit elədi”, - deyə Razuvayev qeyd edib.

Onun sözlərinə görə, Moskvada görüşü əvvəllər əldə olunmuş razılaşmaların yerinə yetirilməkdə olduğunu göstərdi.

Fikrinə davam edən ekspert deyib: “Ermənistanda və Rusiyadakı erməni diasporunun təmsilçiləri arasında revanşdan çox danışılır. Ancaq qüvvələr nisbətinə baxanda birmənalı şəkildə Ermənistanın qisas almaq gücündə olmadığı qənaətinə gəlmək olar. İntiqam cəhdi Ermənistan dövlətinin dünya xəritəsindən yox olması ilə bitə bilər”, - Razuvayev deyib.

Onun ehtimalına görə, bu gün nə Rusiya, nə də Fransa Ermənistanın maraqları uğrunda mübarizə aparmayacaq.

“Ermənistanın özü hazırda hərbi və iqtisadi cəhətdən çox zəifdir. Üstəlik, çox ciddi sınaqlar qarşısında xalqın birliyi yoxdur”, - deyə o vurğulayıb.

Rusiyalı ekspert münaqişə bitdikdən sonra iqtisadiyyat və infrastrukturun bərpası məsələlərinin ön plana çıxdığı qənaətindədir:

“Bölgədəki iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin önünün açılması vəzifəsi xüsusilə diqqətə layiqdir. Rus sülhməramlıları Laçın dəhlizi vasitəsi ilə Qarabağla Ermənistan arasında əlaqənin təhlükəsizliyini təmin edirlər. Bundan əlavə, razılaşmalar Ermənistan ərazisindən Naxçıvana nəqliyyat dəhlizinin açılmasını nəzərdə tutur. Həmin dəhlizin təhlükəsizliyi Ermənistan ərazisində yerləşən Rusiya FSB-nin sərhədçiləri tərəfindən təmin ediləcək. Bakı bu dəhliz vasitəsilə Naxçıvan üzərindən onu birbaşa Türkiyə ilə birləşdirəcək bir dəmiryolu çəkməyi planlaşdırır”.

Rusiyalı avrasiyaçı həmçinin geostrateji olaraq Dağlıq Qarabağın bütün Türk dünyası üçün vacib bir element olduğunu bildirib: “Çünki bu ərazi müəyyən nəqliyyat imkanları yaradır, Türk dünyasını tam mənada bir-birinə bağlayan logistik yolun davamıdır. Təəssüf ki, Ermənistanda hələ də siyasi ambisiyaları iqtisadi sağlam düşüncənin üstün tutulur. İqtisadi baxımdan İrəvanın Azərbaycanla beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanıması və Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması doğru olardı. Özünü təcrid siyasəti ilk növbədə İrəvan iqtisadiyyatına ziyan vurur. Peyvəndləmə, pandemiyanın sona çatması və beynəlxalq turizmin bərpası Ermənistana şans yaradır, lakin siyasi səbəbdən yəqin ki, bu şans əldən veriləcək” .

Azərbaycanın işğaldan azad edilmiş ərazilərlə bağlı planlarından danışan iqtisadçı bildirib ki. Bakının Dağlıq Qarabağın bərpası üçün kifayət qədər pulu olacaq.

“Peyvəndləmə - pandemiyanın sonu, tənəzzülün başa çatması və neftə tələbatın artması deməkdır. OPEC-in son proqnozuna görə, 2021-ci ildə neftə ümumi qlobal tələb 2020-ci ildəki gündəlik 89,9 milyon barelə qarşı 95,89 milyon barel təşkil edəcək. Düşünürəm ki, bazar İran neftini “həzm edəcək”. 2021-ci ildə bir barel üçün 60-70 dollara oriyentasiya edilir”, - deyə ekspert sonda əlavə edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/531273.html