COVID-19-un yeni ştammı mart ayınadək ABŞ üçün "ən çox təsadüf edilən" ola bilər

 21:20 17.01.2021     76

COVID-19-un yüksək yoluxuculuq qabiliyyətinə malik ştammı mart ayınadək Birləşmiş Ştatlarda "ən çox təsadüf edilən" ola bilər ki, bu da pandemiyaya nəzarəti potensial olaraq çətinləşdirər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzinin tədqiqatçıları bildiriblər. Onlar hesab edirlər ki, B.1.1.7 ştammı ilk dəfə ötən ilin sentyabrında İngiltərədə aşkarlanıb, lakin bu ştammın koronavirusun bir növü olması ötən ilin dekabrınadək müəyyən edilməyib. Mərkəzin tədqiqatçıları qeyd ediblər ki, yeni ştamm dünyanın 30-dan çox ölkəsində aşkarlanıb. Artıq ABŞ-ın 10 ştatında koronavirusun yeni ştammına 76 yoluxma halı qeydə alınıb.

Onların sözlərinə görə, bu ştammın sürətlə yayılması COVID-19 əleyhinə vaksinlərin təsiri ilə əhalinin immunitetinin möhkəmlənməsi prosesini ləngidə bilər. İki vaksin - "Pfizer-BioNTech" və "Moderna" vaksinləri ötən ay Birləşmiş Ştatlarda istifadə üçün bəyənilib. Tədqiqatçılar yeni ştamma yoluxmanın aşkar edilməsi istiqamətində səyləri testləşdirmənin miqdarının artırılması və imkanlarının yaxşılaşdırılması, yoluxmuş insanlarla əlaqələrin izlənilməsi üzrə təşəbbüsləri gücləndirməyə çağırıblar.

Mərkəzin mütəxəssisləri qeyd edirlər ki, B.1.1.7 ştammının Birləşmiş Ştatlarda gələcəkdə yayılması barədə proqnozlar kompüter modelləşdirməsi vasitəsilə aşkarlanan nəticələrə əsaslanır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/914448.html