İnqilabi addım: Qarabağ “yaşıl dünya” olacaq - İqtisadçı

 10:00 20.01.2021     54

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonalarının yaradılmasında beynəlxalq şirkətlərlə əməkdaşlıq etməsi müsbət bir addımdır. Ölkəmiz alternativ enerjidən istifadə etsə, bu, iqtisadiyyatımızın inkişafına səbəb olacaq.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli yanvarın 18-də Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) 11-ci Assambleyasının rəsmi açılış mərasimi və “Davamlı Post-COVID Bərpası üçün Enerji Keçidi” mövzusunda video-konfrans formatında keçirilən panel iclası haqda danışarkən deyib.

O bildirib ki, tədbirdə dünyanın 180-dən çox ölkəsini təmsil edən yüksək səviyyəli rəhbər şəxslər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib:

“BMT-nin Baş katibi Antonio Quterreş, İRENA-nın baş direktoru Fransesko Le Kamera və digər rəsmilərin açılış nitqləri ilə başlamış tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da çıxış edib. Pərviz Şahbazovun işğaldan azad edilən ərazilərdə yaşıl enerjidən istifadəyə dair fikirləri yerində və düzgün idi.

Artıq dünyada yeni bir trend başlayıb. Təxminən 2005-2010-cu illər bunun ilkin mərhələsi idi. 2010-cu ildə bu trend daha da yüksəldi və son beş ildə alternativ enerji – yaşıl enerji geniş yayıldı. Ümumiyyətlə, dünya miqyasında yaşıl iqtisadiyyat hazırda çox populyardır. Buraya təkcə enerji sahəsi daxil deyil, bütövlükdə iqtisadiyyatın yaşıl sahələr üzərindən qurulması prioritet elan edilib.

Azərbaycanın yaşıl iqtisadiyyata keçmək və alternativ enerji vasitələrindən istifadə etmək üçün çox böyük potensialı var. Xüsusilə külək, günəş və hidroloji enerjidən istifadə edərək yaşıl iqtisadiyyata keçmək mümkündür. Ölkəmizin yerləşdiyi coğrafi mövqeyi nəzərə alsaq, günəş və külək enerjisindən istifadə etmək üçün təbii resurslarımız var. İşğaldan azad edilən ərazilərimizdə yaşıl iqtisadiyyata uyğun modern şəhərlərin salınması çox yaxşı ideyadır”.

Ekspert qeyd edib ki, qardaş Türkiyədə 6 milyon ailə evlərində günəş panellərindən istifadə edərək, həm öz enerji tələbatlarını ödəyib, həm də bir müddət sonra dövlətə elektrik enerjisi satmağa başlayıb:

“Göründüyü kimi, bu, çox müsbət bir amildir. Onu da deyim ki, bu gün Türkiyədə bir çox zavod, fabrik, sex bənzər təcrübədən istifadə edərək, dövlətə enerji istifadəsinə görə ödəniş etmir. Düşünürəm, ölkəmizdə də bunu təmin etmək olar. İşğaldan azad edilən Qarabağımızda sıfırdan modern yaşıl iqtisadiyyatı dəstəkləyən ekoloji şəhərlər yaratmağımız mümkündür və dövlətimizin belə bir imkanı var. Sevindirici haldır ki, ölkəmizdə bu kimi yeniliklər tətbiq edilir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/531983.html