Şərin Xeyirə qalib gəldiyi an – 20 Yanvar

 10:12 20.01.2021     41

Bu günümüzdən baxanda 20 Yanvar mənzərəsi faciəvi olduğu qədər də möhtəşəmdir. Azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının təcəssümü idi. Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən Sovet repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını nümayiş etdirdi. Bununla Azərbaycan xalqı milli iradəsinin sarsılmazlığını və əsarətə boyun əyməyəcəyini bütün dünyaya göstərdi, milli azadlıq uğrunda mübarizənin dönməz olduğuna şübhə yeri qoymadı. Qəhrəmanlıqlarla dolu tarixi keçmişi və dövlətçilik ənənələri olan, böyük bir coğrafiyada dövlətlər yaratmış, zaman-zaman düşmənə qarşı səfərbər olub mübarizə aparmış, dünya mədəniyyət xəzinəsinə öz dəst-xətti ilə dəyərli töhfələr vermiş bir millət artıq əsarət altında yaşaya bilməzdi. Xalq öz qərarını verdi: Yolumuz -Azadlıqdır!

20 Yanvar faciəsi Azərbaycan xalqının milli mübarizə əzmini və iradəsini sındıra bilmədi. O gecə baş verənlər xalqımızın milli özünüdərkində yeni bir mərhələnin başlanğıcı oldu. Qanlı yanvar gecəsi öz qanunauyğun məntiqi və zəncirvari təsiri ilə bütün imperiya ərazisində milli azadlıq hərəkatlarının daha böyük vüsətlə alovlanmasına və Sovet İttifaqının süqutunun daha da sürətlənməsinə rəvac verdi. Bu hadisə Sovet İmperiyası üçün "sonun başlanğıcı" oldu. Bu faciəvi olay onilliklər ərzində insanlara sırınan "humanist" əsaslı kommunizm ideologiyasının puçluğunu sübut etdi və məhz bu hadisədən sonra Kommunist Partiyasından kütləvi istefalar və etirazlar İttifaqın hər yerini bürüdü və onun dayaqlarını sarsıtdı. Az sonra imperiya süqut etdi. 20 Yanvar gecəsi isə xalqımızın yaddaşına qəhrəmanlıq tarixi kimi həkk olundu. 20 Yanvar şəhidlərinin başlatdığı mübarizə davam etdi, böyüdü və bütövlükdə xalqın mübarizə yoluna çevrildi. Həmin gecə şəhidlərimizin öz qanı bahasına açdığı cığır bu il bizi Qarabağın ürəyinə – Şuşaya aparıb çıxardı. Yenə şəhidlər verdik. Amma xalqın azadlığı, millətin ləyaqəti və dövlətimizin müstəqilliyi təmin olundu.

Faciədən 31 il keçir. Əbədi, dönməz və sarsılmaz müstəqilliyimizin işığında yaşayan xalq hər il yanvarın 20-də Şəhidlər Xiyabanına üz tutur, azadlığımızın qandallarını sındırmış şəhidlərimizi ehtiramla yad edirlər. Bu il şəhidlərimizi qürurla, qələbə müjdəsi ilə ziyarət edirik. Şəhidlər Xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək onların xatirəsini əziz tuturlar.

Bəli, şəhidlər unudulmaz. Onlar xalqın azadlığı yolunda canlarından keçməyə hazır olduqlarını göstərdilər və bu yolla getdilər. Ölümə gedən yollar onları ölməzliyə, xalqımızı isə əbədi azadlığa qovuşdurdu. Bu bir tarixdir. Qanlı, amma Şərəfli bir tarix. Tarix isə onu unudanları bağışlamır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/531996.html