Şuşa: erməni vandalizminin nümunəsi və Ayvazyanın absurd iddiaları

 19:36 21.01.2021     36

44 günlük müharibədə darmadağın edilən və kapitulyasiyaya imza atan Ermənistanda hələ də “erməni xəstəliyi”ndən əziyyət çəkənlər qalır. Xarici işlər naziri Ara Ayvazyanın Şuşa ilə bağlı son dedikləri bunun bariz nümunəsidir.

Ermənistan parlamentində müzakirələr zamanı Ayvazyan iddia etdi ki, “Şuşa ermənilərin mədəniyyət mərkəzidir”. Hərçənd, eyni salonda çıxış edən baş nazir Nikol Paşinyan Şuşanın Azərbaycan şəhəri olduğunu açıq şəkildə etiraf etdi.

Danışıqlar prosesinin bütün dövrü ərzində azərbaycanlı qaçqınların Şuşaya qayıtmasını təmin etməyən bir variant (məskunlaşma) yox idi. Və Şuşadakı azərbaycanlılar münaqişədən əvvəl 90 faizi keçmişdi. Azərbaycan əhalisinin 90 faizdən çoxunun yaşadığı Şuşa şəhərinin erməni statusunda olduğunu demək istəyirsiniz?” – Nikol müxalif deputatların suallarına cavabında bildirib.

Müharibə başa çatıb, münaqişə bitib, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu reallıq fonunda Ermənistanda deyilənlərin ciddi mənası yoxdur. Lakin Ayvazyanın iddiası arxasındakı hiylə və gerçəkliyə diqqəti çəkməmiş deyil.

Ayvazyan 44 günlük müharibədə Ermənistanın məğlubiyyətindən sonra xarici işlər naziri postuna təyin olundu. Onun belə iddialar irəli sürməsi daha çox erməni ictimaiyyətinin gözündə əvvəlkilərdən fərqlənmək istəyindən irəli gəlir. İndiyə qədər səsləndirdiyi fikirlərin 10 noyabrda üçtərəfli razılaşmaya uyğun olmaması da bununla bağlıdır.

“Şuşa ermənilərin mədəniyyət mərkəzidir” deməsi isə təkcə Azərbaycana qarşı ərazi iddiası yox, həm də Şuşa ilə bağlı beynəlxalq layihələrlə bağlıdır.

1. Prezident İlham Əliyev Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi;
2. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Şuşanı 2022-ci ildə türk dünyasının mədəni paytaxtı elan etdi;


Bu iki mühüm qərar tezliklə Şuşanın bərpa olunacağı və Azərbaycanın mədəni paytaxtı kimi bütün dünyada tanınmasına start veriləcəyi deməkdir. Təkcə bu il Şuşada xarici qonaqların iştirakı iki mühüm mədəni tədbir – Vaqif poeziya günləri və Xarıbülbül festivalı keçiriləcək. Bu, işğaldan azad edilmiş ərazilərin beynəlxalq platformada ilk təqdimatıdır.

2022-ci ildə isə Şuşada türk dünyasının mədəni paytaxtı kimi 20-yə yaxın mədəni tədbir keçiriləcək. Bütün bunlar Şuşanın əvvəlki simasına – mədəniyyət beşiyi olmasına aparan yoldur.

Ayvazyanın Şuşa iddiası məhz Azərbaycanın mədəni siyasətinə qarşı yönəlmiş absurd cəhddir.

“Şuşanı erməni mədəniyyətinin mərkəzi” adlandırmaq üçün ya çox həyasız, ya da çox cahil olasan. Ayvazyan birinci kateqoriyaya daxildir.

Ayvazyanın iddia etdiyi kimi, əgər Şuşa “ermənilərin mədəni mərkəzidirsə”, o zaman, Ermənistan niyə şəhəri yerlə-yeksan edib, maddi və mədəni irsi dağıdıb, məhv edib. Sadə müqayisə bu iddiaların növbəti sərsəmləmədən başqa bir şey olmadığını sübut edir.

Şuşa erməni vandalizminin nümunəsi kimi tarixə həkk olunub. Şəhərin azad olunmasından sonra bütün dünya bunun şahidi oldu.

Prezident İlham Əliyev yanvarın 14-də Şuşaya səfər edərkən etdiyi çıxışında ürək ağrısı ilə bildirdi ki, ermənilərin “ürəyində nə qədər düşmənçilik hissi olmalı idi ki, bax, bu vəhşiliyi törətsinlər... erməni vandalları bizim bütün şəhərlərimizi yerlə-yeksan etdilər. İndi azad edilmiş torpaqlarda olarkən bunu öz gözümlə görürəm və bütün dünya görməlidir”.

Dövlət başçısı Şuşa səfərindən sonra Ermənistanın saxtakarlığından da bəhs etdi: “Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?! Axı, bu, yaxın tarixin işidir, hadisələridir. Əgər onlar bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün belə bərbad vəziyyətə qoydular, nə üçün bütün binaları dağıtdılar? Görün, nə gündədir bu şəhər?! Daş üstə daş qalmayıb 30 il ərzində, ancaq özləri üçün villalar tikdiriblər, özləri üçün şərait yaradıblar”.

Ayvazyan Şuşada erməni vandalizminə görə üzrxahlıq etmək əvəzin, sərsəm açıqlamalar verir, absurd iddialar irəli sürür. Azərbaycan Prezidentinin dediyi kimi, “əgər onlar bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün belə bərbad vəziyyətə qoydular, nə üçün bütün binaları dağıtdılar?”.

Ermənistanın buna verəcəyi cavabı yoxdur, çünki tarix də, günün reallığı da ortadadır və Şuşa artıq gerçək sahibləri tərəfindən əsarətdən xilas olunub.

Bundan sonra Şuşa Azərbaycan mədəniyyətinin paytaxtıdır, 2022-ci ildə isə bütün türk dünyasının mədəni paytaxtı olacaq. Gələcəkdə İslam dünyasının mədəni paytaxtı olmağa da layiqdir.

Asif Nərimanlı



Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_tehlil/343690.html