Nazirlər Kabineti Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar qərar verdi

 20:00 21.01.2021     51

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 741; 2019, № 4, maddə 776) ilə təsdiq edilmiş "Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi
ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

2-ci hissəyə "prokurorluq işçilərinə" sözlərindən sonra "və onların ailə üzvlərinə" sözləri əlavə edilsin.

Aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

"2-1. İşçiyə onun hər bir ailə üzvünə görə bu Qaydanın 2-ci
hissəsində göstərilən müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası ödənilir.".

3.2-ci bəndə "ərazidə onun" sözlərindən sonra "və yetkinlik yaşına çatmış ailə üzvlərinin" sözləri əlavə edilsin.

3.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.5-ci bənd əlavə edilsin:

"3.5. prokurorluq işçisinin ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti.".

Aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:
"5-1. Prokurorluq işçisinin ailə tərkibində dəyişiklik baş verdikdə o, bu barədə rəhbərliyə məruzə etməli və pul kompensasiyasının verilməsi ilə bağlı müvafiq sənədləri təqdim etməlidir.".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/915615.html