On birinci nəsil “Intel Core” prosessorlu “Huawei” noutbukları təqdim edilib

 20:50 21.01.2021     58

"Huawei" şirkəti noutbuklar çeşidini yeniləyərək aktual "MateBook X Pro", "MateBook 13" və "MateBook 14" modellərini təqdim edib. Hər üç model sensor ekran və 11-ci nəsil "Intel Core" prosessorları ilə təchiz olunub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Huawei MateBook X Pro" (2021) 3000х2000 piksel təsvir ölçülü və qapaq sahəsinin 100 faizini tutmaqla "sRGB" rəng qammasını 100 faiz əhatə edən 13,9 düymlük ekranla təchiz olunub. Yeni qurğunun metaldan ibarət korpusunun qalınlığı 14,6 mm, çəkisi 1,33 kq təşkil edir. Noutbukun müxtəlif konfiqurasiyalarda məhsuldarlığına görə "Intel Core i5" və ya "Core i7" prosessorları cavabdehdir. Operativ yaddaş tutumu 16 giqabayt, quraşdırılmış yaddaş 1 terabayta bərabərdir.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, 65 vatt gücündə komplekt enerji bloku 30 dəqiqə ərzində enerji toplayaraq qurğunun 4 saatlıq işini təmin edir. Yeni qurğunun digər xüsusiyyətləri arasında "Wi-Fi 6" dəstəyi, qabaqcıl akustika və basma gücünü tanıma funksiyalı sensor panel sadalanır.

Noutbukun "Intel Core i5-1135G7", 16 giqabaytlıq operativ və 512 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyası satışa 1388 dollara çıxarılıb. 16 giqabaytlıq operativ və 512 giqabaytlıq və ya 1 terabaytlıq quraşdırılmış yaddaşlı "Core i7-1165G7" prosessoru əsasında modifikasiya müvafiq olaraq 1543 və 1851 dollar dəyərində qiymətləndirilib.

"Huawei MateBook 13" və "MateBook 14" modelləri bütün konfiqurasiyalarda göz qoruma funksiyalı "2K" sensor ekran, "Wi-Fi 6" simsiz rabitə modulları, 512 giqabaytlıq quraşdırılmış və 16 giqabaytlıq "DDR4-3200" operativ yaddaş tutumu ilə təchiz edilib.

Quraşdırılmış qrafikalı "Core i5-1135G7" və "Core i7-1165G7" prosessorları əsasında işləyən "MateBook 13" modelinin qiyməti müvafiq olaraq 848 və 1003 dollar, "i7-1165G7" və "NVIDIA GeForce MX450" videokartlı modelin isə 1080 dollar təşkil edəcək.

"Core i5-1135G7" prosessoruna malik "MateBook 14" modeli inteqrasiya edilmiş və diskret "NVIDIA GeForce MX450" qrafikası ilə müvafiq olaraq 910 və 987 dollara tədarük ediləcək. "i7-1165G7" prosessorlu və "NVIDIA GeForce MX450" videokartlı versiyanın qiyməti isə 1145 dollara bərabər olacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/915000.html