“Samsung” fərdi kompüterlər üçün “Exynos” prosessorları hazırlayır

 21:50 21.01.2021     58

"Samsung" şirkəti "Exynos" prosessorlarının tətbiqi sahəsini genişləndirmək niyyətindədir. Belə ki, perspektivdə bu çiplərdən fərdi kompüterlərdə istifadəyə başlanacağı bildirilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hazırda "Exynos" məhsulları əsasən "Samsung" smartfonlarına quraşdırılır. Bundan başqa, bu seriyalı prosessorlara kənar tərtibatçıların qurğularında rast gəlmək mümkündür. Məsələn, bu yaxınlarda "Vivo" şirkəti "Exynos 1080" platformalı qabaqcıl "X60" və "X60 Pro" smartfonlarını nümayiş etdirib.

Məlumata görə, bu ilin dördüncü rübündə "Samsung" tərəfindən kompüterlər üçün "Exynos" məhsulu təqdim ediləcək. Onun əsasını konfiqurasiyasına 2,9 giqahers takt tezlikli bir güclü "Cortex-X1", üç məhsuldar "Cortex-A78" və dörd enerjiyə qənaətcil "Cortex-A55" nüvəsinin daxil olduğu "Exynos 2100" çipi təşkil edəcək.

"Exynos" fərdi kompüter çipinin 5 nanometrlik texnologiya üzrə hazırlanacağı gözlənilir. Şirkət nümayəndələri bildirib ki, həll məhsuldarlığına görə "Qualcomm Snapdragon 865" mobil prosessorunu üstələyəcək.

"Exynos" kompüter prosessoru satışa çıxarılacağı təqdirdə mobil şəbəkələr vasitəsilə daim internetə qoşulu noutbuklarda tətbiq edilə bilər. Çipin tərkibinə "5G" modeminin daxil olacağı ehtimal edilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/915001.html