Sürücülər yanacağı dəyişir - Təhlükəli məqamlar ola bilər

 22:10 21.01.2021     64

Benzinin qiyməti bahalaşdıqca sürücülər alternativ ucuz yanacaq növlərinə üstünlük verirlər. Azərbaycanda elektromobil doldurma məntəqələri geniş yayılmadığı üçün əsas diqqət qaz avadanlıqlarının quraşdırılmasına yönəlib. Bəs avtomobilə qaz avadanlığının quraşdırılması nə dərəcədə təhlükəlidir? Bu zaman hansı qaydalara əməl edilməlidir?

Milli.Az ted.az-a istinadən bildirir ki, nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, qaz balonlarının quraşdırılması məsələsinə sürücülər həssas yanaşmalıdırlar: "Hər qiymət artımı zamanı qaz balonu quraşdıran şirkətlər müxtəlif endirim kampaniyaları ilə sürücüləri cəlb etməyə çalışırlar. Çin istehsalı avadanlıqların gətirilməsi ilə məşğul olan şirkətlər bir az ucuz başa gəldiyi üçün kredit şərtləri ilə daha cəzbedici təkliflər edirlər. Ucuz və sərfəli olduğu üçün insanlar ona meyllənirlər. Kredit bitdikdən sonra isə çox vaxt bu avadanlıqlar maşınlarda problemlərə səbəb olur, mühərrikin dağılmasına gətirib çıxarır. Qazı düzgün paylamadığına görə, fəsadlar verir. Yanacaq mühərrik sisteminə gedib yanmaya səbəb olmalıdır. Amma yanma da normanı aşmamalıdır.  Bunu tənzimləmək isə ustadan peşəkarlıq tələb edir".

Mütəxəssis bildirib ki, bəzi şirkətlər qaz balonunu baha qiymətə amma normal, keyfiyyətli şəkildə quraşdırır, işlərinə zəmanət verirlər: "Bəzən öz ustalarını İtaliya, Ukrayna və Türkiyədə təlimlərə göndərirlər. Yaxud həmin ölkələrdən peşəkar ustalar dəvət edirlər ki, bu kimi avadanlıqları quraşdırsın. Ucuz və keyfiyyətsiz məhsullara meyillənib sonra  2-3 dəfə çox zərər çəkməkdənsə, baha, keyfiyyətli olması məsləhətdir. Həm maşının salonundan qaz iy gəlmir, həm də yanacaq sərfiyyatında artma, azalma baş vermir. Üstəlik digər detalları vurub sıradan çıxarmır".

"Artıq ölkəmizdə Türkiyənin bir neçə şirkəti fəaliyyət göstərir. Türkiyədə də avtomobillərin yarıdan çoxunun qazla işlədiyini nəzərə alsaq, onlarda bu təcrübə geniş yayılıb. Buna görə, o ustaların təcrübəsindən istifadə daha yaxşıdır, nəinki hansı məhəllədəki qarajda ucuz qiymətə qaz avadanlığı quraşdıran kiməsə müraciət etmək. Düşünürlər ki, İtaliya və Türkiyə şirkətlərinin 1500 manata gördüyü işi bu usta 900 manata edir. Ancaq problem yarandıqda qarajı orada tapmaq olmur. Heç bir zəmanət də verilmir. Bu qaz avadanlığını kimin quraşdırdığını sübut etmək olmur. Ona görə, təminatlı şirkətlərin işindən yararlanmaq daha məqsədəuyğundur", - deyə nəqliyyat eksperti vurğulayıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/915015.html