Qubanın "İçərişəhər"i varmış... – Nazirə müraciət

 22:12 21.01.2021     63

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Prezidenti Elxan Süleymanov mədəniyyət naziri Anar Kərimova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə və Dövlət Turizm Agentliyinin Sədri Fuad Nağıyevə müraciət edib.

Kult.az müraciətin mətnin təqdim edir:

“Azərbaycanda dövlət tərəfindən qorunan qədim tarixə malik çoxlu sayda yerli və beynəlxalq əhəmiyyətli tarixi abidələr var. Lakin bu günümüzə qədər gəlib çıxmayan, işğalçılar tərəfindən dağıdılaraq yer üzündən silinmiş abidələrimiz də mövcud olmuşdur ki, bu gün onlar haqqında yalnız tarixi mənbələr vasitəsilə məlumat əldə edə bilirik. Belə abidələrdən biri dağıdılmış naməlum Quba qalasıdır.

Azərbaycanın qədim tarixi və mədəniyyət mərkəzlərindən biri olan Qubanın mərkəzində Bakının İçərişəhəri kimi Hüseynəli xan tərəfindən 1747-ci ildə inşa edilmiş qala divarları mövcud olmuş və 1870-ci ildə sökülərək yer üzündən silinmişdir.

Qala-şəhər Qudyalçayın yuxarı axarı boyunca qərb-şərq istiqamətində uzanmaqla möhkəm olmayan çiy kərpicdən hörülmüş, hündürlüyü 3-4 sajen (8,56 m), eni bir sajen (2,14 m) olan və 400 sajen (856 m) uzununa və 130 sajen (278,2 m) eninə uzanan qala divarları ilə əhatə olunmuşdu. Qalanın mərkəzində 50 sajen (107 m) ölçüdə bazar da fəaliyyət göstərib.

Hazırda nəinki Qubaya gələn qonaqlar, hətta yerli əhalinin əksəriyyətinin, xüsusilə gənclərin işğalçılara qarşı qəhrəmanlıq mübarizəsinin rəmzi olan Quba qalası, burada olan yeraltı tunellər haqqında, demək olar ki, heç bir məlumatı yoxdur. Unudulmuş Quba qalası haqqında məlumatların toplanması, qala divarlarının maketinin hazırlanması, yeraltı tunellərin bərpa və restavrasiya edilməsinin mədəni irsin qorunması və turizmin inkişafı üçün mühüm əhəmiyyəti vardır.

Aidiyyəti dövlət qurumlarının biganəliyi səbəbindən Quba qalasının şəhər divarlarından kənara çıxmaq üçün bişmiş kərpicdən inşa edilmiş yeraltı tunellərinin bir hissəsi 2011-ci ildə kanalizasiya xətləri çəkilərkən məsuliyyətsiz şəxslər tərəfindən dağıdılmışdır. Tunelin az bir hissəsi “özəlləşdirilərək” dəmir qapılarla insanların üzünə qapadılıb, salamat qalan əsas hissəsləri isə Quba şəhərinin mərkəzi ərazisində, yerin altında öz xilaskarlarını gözləməkdədir.

Assosiasiyamızın ekspertləri 2020-ci ilin iyul-oktyabr aylarında həyata keçirdikləri layihə çərçivəsində yer üzündən silinmiş Quba qalası haqqında elmi araşdırmaları davam etdirmişlər. Assosiasiya mütəxəssislərinin çoxlu sayda tarixi mənbələr toplamalarına baxmayaraq, qalanın təsvirini və ya layihəsini tapmaq hələlik mümkün olmayıb. Buna görə də assosiasiya toplanmış məlumatlara istinadən Quba şəhərinin qala divarlarının ehtimal olunan layihəsini hazırlayaraq, ictimaiyyətin diqqətinə çatdırıb. Layihə ilə bağlı hesabat hazırlanaraq “Quba qalası” adı ilə sosial şəbəkələrə yerləşdirilib.

Yer üzündən silinmiş “Quba qalası” ilə bağlı görüləsi işlər çoxdur. Hazırda Quba qalası ilə bağlı elmi-tədqiqat işlərinin davam etdirilməsi, qalanın maketinin hazırlanaraq abidənin tarixi ərazisində yerləşdirilməsi, yeraltı tunellərin özəlləşdirilmiş hissəsinin dövlətin istifadəsinə qaytarılması, yeraltı tunellərin bərpa və restavrasiya edilməsi və digər işlərin görülməsi zəruridir. Bu işləri həyata keçirmək üçün səlahiyyətli dövlət qurumlarının dəstəyinə ciddi ehtiyac vardır.

Bizim assosiasiya bundan sonra da yer üzündən silinmiş Quba qalası ilə bağlı tədqiqatlara və digər görüləcək işlərə öz töhfəsini verməyə hazırdır. Bu işlərin həyata keçirilməsində aiddiyyəti qurumlarla, o cümlədən Sizin rəhbərlik etdiyiniz qurumlarla əməkdaşlıq etməyə hazırıq. Sizdən bu əməkdaşlığın təşkilinə kömək göstərməyinizi xahiş edirik”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/532422.html