Ceyhun Bayramov türkmən həmkarı ilə görüşdü

 22:27 21.01.2021     57

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Rəşid Meredov ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri daxil olmaqla, geniş spektr üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması hər iki dövlət arasında, eləcə də Xəzər dənizi bölgəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin bariz nümunəsi kimi qeyd olunub. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirdiyi və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Tərəflər regional əməkdaşlıq, o cümlədən üçtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu ilin yanvarın 16-da Azərbaycan, Türkmənistan və Əfqanıstan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin imzalanmasına istinad edilərək, bu xüsusda tədbirlərin icrası məsələləri müzakirə edilib.

Görüşdə ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/532426.html