Peugeot və Fiat Chrysler-in birləşməsi yekunlaşdı

 23:55 21.01.2021     76

Avtomobil istehsalçıları PSA Group (Peugeot-Citroen) və Fiat Chrysler Automobiles (FCA) birləşməni tamamlayıb, birləşdirilmiş şirkət Stellantis NV adlanır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Stellantis-in səhmləri Parisdəki Euronext və Milandakı Mercato Telematico Azionario birjalarında yanvarın 18-dən, Nyu-York Fond Birjasında isə yanvarın 19-dan ticarət olunmağa başlayacaq.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayının sonunda FCA və PSA-nın direktorlar şuraları yekdilliklə biznesin birləşdirilməsi üzərində işləmək barədə razılığa gəliblər və 2019-cu ilin dekabr ayının ortalarında şirkətlər paritet əsasda birləşmə barədə müqavilə imzalayıblar. Bu il yanvarın 4-də isə FCA və PSA-nın səhmdarları birləşməyi təsdiqləyiblər.

Fiat 1899-cu ildə yaradılıb və Fiat, Lancia, Alfa Romeo, Abarth, Ferrari və Maserati brendləri altında avtomobillər istehsal edir. PSA (əvvəlki adı PSA Peugeot-Citroen) isə Avropada Volkswagen AG-dən sonra ikinci ən böyük minik avtomobili istehsalçısıdır. Qərargahı Parisdə yerləşən konsern 1976-cı ildə Peugeot tərəfindən Citroen-in səhmlərinin 90%-nin alınması ilə yaradılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/915008.html