Türk ölkəsi Bakının bu layihəsinə də qoşulsa... – Rəy

 08:30 22.01.2021     55

Azərbaycan və Türkmənistan arasında əldə edilən memorandumdan bəlkə də ən çox Avropa Birliyi razı qalacaq. AB uzun müddətdir Türkmənistanla razılığa gəlməyə çalışır. Onu da deyim ki, AB Azərbaycan və Türkmənistanın razılığa gəlməsində uzun müddətdir vasitəçilik edir. Avropa Birliyinin enerji komissarı dəfələrlə bu istiqamətdə iki ölkəyə səfərlər təşkil edib.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanması haqda danışarkən deyib.

O bildirib ki, bu, həqiqətən də tarixi bir razılaşmadır:

“Hər iki ölkə bu razılaşmadan fayda əldə edəcək. Xüsusilə Azərbaycanın beynəlxalq konsorsiumla işləməkdə böyük təcrübəsi var. Bundan əlavə də neft və qaz sahəsində bir çox nüfuzlu şirkətlərlə əməkdaşlıq edir. Digər tərəfdən, Azərbaycanın neft və qaz ixracatı ilə bağlı dünyada müsbət imici var.

Türkmənistan da Azərbaycanla əməkdaşlığın onun xeyrinə olduğunu bilir. İki ölkə arasında əldə edilən razılaşma Türkmənistanın da dünyadakı imicinə müsbət təsir edəcək. Azərbaycanla belə bir müqavilənin imzalanması rəsmi Bakının təcrübəsini, xarici partnyorlarını nəzərə alsaq, Türkmənistan üçün xeyli uğurlu olacaq”.

Ekspert deyib ki, gələcəkdə Türkmənistan qazı və nefti də Azərbaycan üzərindən Avropa bazarına nəql edilə bilər:

“Hazırda Türkmənistanın belə bir infrastrukturu mövcud deyil. Bunun üçün əlavə xərcə də ehtiyac yoxdur. Türkmən qazı və nefti Azərbaycan üzərindən Avropa bazarına nəql edilə bilər. Bu, həm Türkənistanın dövlət gəlirlərini, həm də Azərbaycanın TAP, TANAP layihələrinin daha çox qaz nəql etmə potensialını artıracaq”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/532466.html