10 aya bir tarix sığdıran 19 yaşlı şəhid Zəlimxanın atası: O, elə tələsirdi ki...

 09:08 22.01.2021     49

Vətən üçün özünü qurban etmək, onun yolunda qəhrəmanlıq göstərmək, döyüşmək, düşmənə qarşı mücadilə aparmaq hünər, mərdlik işi olmaqla yanaşı, həm də doğma yurda, Vətənə sevgi hisslərini özündə cəm edən böyük ürək tələb edir. Qanı, canı bahasına tarix yazan ər qeyrətli, hünərli igidlərimiz Vətən sevgisini içində daşıdığı o böyük ürəkləri ilə Qarabağımızı xilas etdilər. Biz o oğullarımızın qəhrəmanlığı, qorxmazlığı və şücaəti sayəsində haqq savaşını zəfərlə başa vurduq. Azərbaycan eşqi, bayraq sevgisi ilə silahlanan ərənlərimiz qanları ilə tarix yazaraq öz adlarını Azərbaycanın zəfər tarixinə yazdırdılar.

Belə qəhrəman, qorxmaz, vətənpərvər oğullarımızdan biri də şəhid Həsənli Zəlimxan Rafiq oğludur.

Zəlimxanın ailə üzvləri şəhidimizin döyüş yolu ilə bağlı Publika.az-a danışıblar.

Əslən Kəlbəcər rayonundan olan şəhidimiz 7 dekabr 2001-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. O, 2020-ci ilin yanvar ayında hərbiyə yollanır. Ağcabədidə həqiqi hərbi xidmət keçir. 3 aydan sonra Vətənə xidmətini Beyləqanda davam etdirir. Sentyabrın 27-dən isə Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarına qoşulur. O, haqq savaşımızda artilleriya komandasında iştirak edib. Zəlimxan qumbaraatan olub.

Atası Rafiq Həsənli deyir ki, şəhidimiz döyüşlər ilk başlayan gündən ailəsi ilə əlaqə saxlayıb və ondan narahat olmamalarını xahiş edib: “Döyüşlər başlayan gün bizimlə əlaqə saxladı. Bizə hazır olduqlarını və döyüşə yollandıqlarını dedi. Amma tez-tez əlaqə saxlayırdı. Soruşurdum ki, oralarda vəziyyət necədir? Deyirdi hər şey yaxşıdır, xeyli sayda kənd almışıq, irəliləyirik, qorxmuruq. Qətiyyən qorxan övlad deyildi. Həmişə deyirdi ki, biz bu torpaqlarımızı düşməndən azad etməliyik. Həmişə də gülə-gülə danışırdı. Deyirdi ki, əsas siz özünüzü qoruyun. Çünki biz cəbhə bölgəsində yaşayırıq. O, döyüşdə olanda da bizdən narahat idi”.

Zəlimxan döyüşlərə Füzulidən başlayıb. Füzuli rayonunun və kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Daha sonra Hadruta yollanıb: “Övladım Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Birinci komandiri şəhid olub. Əsgər yoldaşları, komandiri ilə danışdım. Hamısı dedi ki, Zəlimxan igid, qorxmaz əsgər olub. Birinci döyüşdə komandiri şəhid olanda Zəlimxan ilk ora girir və döyüş yoldaşlarını həmin yerə səsləyir. Deyir ki, komandirimizin burada yaralı qalmasına, şəhid olmasına imkan verməyək. Yaralı imiş, ümid edirlərmiş ki, sağ qalacaq. Amma onun ilk komandiri orada şəhid olur. Sonradan təyin olunan komandir ilə əlaqə saxlamışam. O da deyir ki, Zəlimxan bizimlə doğma qardaş kimi idi. Çox mərd və qorxmaz olub. Oktyabrın 11-də oğlumun şəhid olması xəbərini aldım. Zəlimxanı minomyotla vurublar. Minomyot onun yanına düşür, beyin qanaxmasından elə savaş meydanında da şəhid olur”.

Döyüş yoldaşları da Zəlimxanın igidliyindən, qorxmazlığından danışır: “Onun haqqında çox söz danışmaq olar. İgid olub, düşmən gülləsindən qətiyyən qorxmayıb. Hətta Zəlimxan bizdən də öndə, ən irəlidə gedirdi. Çox ürəkli idi, heç nədən çəkinən deyildi. Bizə də deyirdi ki, qorxmayın, mən sizdən irəlidəyəm. O, bizi də ruhlandırırdı. Hər kəsi döyüşdə qələbəyə, mübarizəyə səsləyib. Zəlimxan yoldaşlığa, dostluğa mərd, əliaçıq idi. Bizimlə doğma qardaşı kimi davranardı. Heç vaxt ayrı-seçkilik etməzdi”.

Zəlimxan döyüşlərdən əvvəl də ailəsi ilə danışanda deyirmiş ki, biz Tovuz döyüşlərinin qisasını mütləq almalıyıq. Polad Həşimovun və digər igidlərimizin Tovuzda şəhid olması Zəlimxana çox pis təsir edir, qisas hissi ilə yaşayır: “Həmişə deyirdim ki, ehtiyatlı ol, özünü qoru. Bunu deyəndə o mənə deyirdi ki, ata, bu nə deməkdir, Polad Həşimov kimi insan şəhid olandan sonra biz kimik ki?! Biz də döyüş əmri gözləyirik ki, şəhidlərimizin qisasını alaq, o oğulların qanı yerdə qalmasın. Zəlimxan torpaqlarımızı azad etmək istəyirdi. Kəlbəcərliyik biz. O, Kəlbəcəri görmək, ata-baba yurduna geri dönmək istəyirdi. Onun qanı yol vermirdi ki, Vətəni yad əllərdədir. Hərbi xidmətə çağırılmağa bir ay qalmış Zəlimxan yerə-göyə sığmırdı. O qədər tələsirdi ki, hərbi xidmətə yola düşsün, sanki o günü gözləyirdi. Çox həyəcanlanmışdı, həddindən artıq sevinclə yollandı hərbiyə”.

Şəhidimiz ailədə də çox igid və zəhmətkeş olub. Həmişə çalışıb ki, ailəsinə həm maddi, həm də mənəvi olaraq kömək etsin.

Rafiq ata deyir ki, Zəlimxan uşaqlıqdan Vətəninə, bayrağına sevdalı olub: “Zəhmətkeş idi oğlum. Bacılarının ad günü olanda gedib işləyib onlara hədiyyə alırdı. Saza-sözə bağlı olub. Musiqiyə çox böyük həvəsi var idi. İstedadlı idi. Bayrağa, Vətənə sevgi uşaq vaxtdan formalaşıb. Bayrağını çox sevirdi. Kiçik yaşlarında ancaq bayraqla fotolar çəkdirərdi”.

Zəlimxan ən son danışanda ailəsinə deyib ki, özünüzü qoruyun, Allahın izni ilə torpaqlarımızın bir qarışını da düşmən tapdağında qoymayacağıq və onlarla halallaşaraq telefonu söndürüb.

Şəhidimizin anası Afilə ana da duyğularını bizimlə bölüşdü. Deyir, ürəyim o qədər doludur ki, Zəlimxan haqqında nə qədər danışsam az olar: “Bütün şəhid anaları kimi mən də oğlumla qürur duyuram. Bütün döyüşən igidlərimiz kimi o da Vətənə olan borcunu ödədi. Azərbaycan uğrunda, bayraq, torpaq uğrunda qəhrəmanlıq göstərdi, ən yüksək zirvəyə - şəhadətə yüksəldi. Mən onunla həmişə qürur duymuşam, indi daha çox qürur duyuram. Fəxr edirəm ki, Zəlimxan kimi bir oğulun anasıyam. O, mənim qürur yerimdir. Vətənini, bayrağını seçdi, bu yolda şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Şəhidimizin bacıları Rəslanə və Gülay da qardaşları ilə fəxr etdiklərini və Zəlimxan kimi ürəkli qardaşa sahib olduqları üçün qürur duyduqlarını dedilər: “Fəxr edirik ki, bu cür qardaşımız var. Şəhid bacısı olaraq bütün şəhid ailələrinin qarşısında baş əyirik, Qarabağımızı azad edən oğullarımızın hər biri ilə qürur duyuruq. Zəlimxan haqqında nə qədər danışsaq da azdır. O, çox mehriban, qorxmaz, valideynlərinə, Vətənə, bayrağa bağlı idi. Biz ona döyüşlər zamanı zəng edəndə sevinə-sevinə, qürurla danışırdı. Sanki döyüşdə deyildi. Deyirdik ki, özünü qoru. O isə ondan narahat qalmamağımızı bizdən xahiş edirdi. Deyirdi ki, torpaqlarımızı biz azad etməliyik. Hərbi xidmətə getmək üçün çox səbirsizlənirdi. O, xidməti başa vurandan sonra orada qalıb işləməyi düşünürdü. Ancaq qismət...”

Biz də Zəlimxan kimi Vətənin azadlığı uğrunda savaşan, canından keçən, bu yolda qan töküb, zəfər çalan igidlərimizlə fəxr edirik.

Akqabay Mıradov


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/projects/xususi/343664.html