Politoloq - İki dövlət arasında imzalanan memorandum tarixi hadisədir

 12:20 22.01.2021     43

Azərbaycan neftçiləri 1989-cu ildə Xəzər dənizində neft yatağı aşkar etdilər. Neftçilərimiz bu yatağın adını “Kəpəz” qoydular. Ancaq SSRİ dağıldıqdan sonra Türkmənistan bu yatağın Xəzərin ona aid olan hissəsində olduğunu bildirdi. Türkmənistan həmin yatağa “Sərdar” adını verdi. Bu, iki dövlət arasında mübahisəyə səbəb oldu.

Publika.az xəbər verir ki, bu sözləri , “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, Azərbaycanla Türkmənistan arasındakı mübahisə həm də Xəzərin statusu ilə bağlı idi:

“Azərbaycan Rusiya və Qazaxıstanla Xəzər dənizində statusu müəyyənləşdirdi və müvafiq sənədlər imzalandı. Ancaq Xəzərin statusu müəyyənləşsə də, Azərbaycan Türkmənistanla sərhəddi müəyyələşdirə bilmədi.

Bir neçə il əvvəl Bakı ilə Aşqabad arasında danışıqlar intensivləşdi. Rəsmi Bakı Aşqabada təklif etdi ki, Xəzərdəki “Kəpəz” (“Sərdar”) yatağı birgə istismar edilsin. Nəhayət Aşqabad bu formula razılaşdı.

21 yanvarda iki dövlət arasında imzalanan memorandum tarixi hadisədir.

Birincisi, Azərbaycan və Türkmənistan yeni yatağa “Dostluq” adını qoydular. Hər iki dövlət bu yatağı birgə işlədəcək və gəlirləri bölüşəcəklər.

İkincisi, bu yataqdan əldə edilən neft və qaz Azərbaycan üzərindən Türkiyə və Avropa ölkələrinə nəql ediləcək.

Üçüncüsü, yataqla bağlı razılaşmadan sonra Bakı və Aşqabad Xəzər dənizində sərhədlərini də müəyyənləşdirə bilər. Bundan sonra iki ölkə arasında sonuncu mübahisə də həll olunacaq”.

Elxan Şahinoğlunun sözlərinə görə, sərhədlə bağlı sənəd imzalanandan sonra Azərbaycanla Türkmənistan Xəzərin dibi ilə boru xəttinin tikintisi danışıqlarına da başlaya bilər:

“Bu, hamının xeyrinədir. Azərbaycan, Türkiyə və Avropa İttifaqı Türkmənistan qazının TAP və TANAP boru xətləri ilə daşınmasını istəyirlər. Bu, həmin boru xətlərinin daşınma həcmini artıracaq. Bundan sonra TAP və TANAP Rusiyanın “Şimal axını” və “Türk axını” boru xətləri ilə rəqabət apara biləcək.

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı danışıqlar məxfi aparılırdı. Doğru strategiya idi. Çünki Bakı və Aşqabad xarici qüvvələrin sənədin imzalanmasına mane ola biləcəklərindən ehtiyat edirdilər. Rusiyadakı mərkəzlər imzalanan sənəddən məmnun qalmayacaqlar. Çünki həmin mərkəzlər Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan və Türkiyə üzərindən Avropa ölkələrinə daşınmasına qısqanc yanaşırlar.

“Dostluq” yatağı ilə bağlı memorandumun müharibədən sonra imzalanması Azərbaycana əlavə siyasi dividend də qazandırdı. Ölkəmiz həm müharibədə qələbə qazandı, həm də dostlarının sayını artırdı. Azərbaycan Türkmənistanla ittifaq yaradır. Bu ittifaqda Türkiyə və Əfqanıstan da maraqlıdır”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_tehlil/343750.html