Deputat şəhidimizin valideynləri ilə görüşdü

 12:44 22.01.2021     49

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Viləş kənd sakini, şəhid əsgər Balaqardaş Vəliyevin valideynləri Fərhad Vəliyev və Səməngül Vəliyeva ilə görüşüb.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva şəhid valideynlərini işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib.

O bildirib ki, Balaqardaş kimi vətənpərvər oğullarımızın sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu:

“Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. Şəhid oğlunuz öz əsgər borcunu şərəflə yerinə yetirib. Oğlunuz 13 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub. Balaqardaş kimi vətənpərvər gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu.

Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb”.

Qeyd edək ki, görüş zamanı şəhid valideynlərinə tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/532531.html