“Azəriqaz” bu qaz xəttini “metallom”la çəkib? – Foto

 14:26 22.01.2021     50

Gəncə şəhəri Məmmədtağı Cəfərov küçəsində qaz xətləri çəkilərkən bütün texniki göstəricilərə əməl olunub.

Bunu Axar.az-a Gəncədə qaz xətlərinin çəkilişi zamanı istifadəyə yararsız materiallardan istifadə edilməsi ilə bağlı iddialara cavab olaraq Azəriqaz İB-nin mətbuat katibi Ceyhun Səfər deyib. O bildirib ki, kəmər istismara qəbul edilməmişdən əvvəl müəyyən sınaqlardan keçirilib:

“Nəzərinizə çatdırım ki, hər il dövlət proqramlarında nəzərdə tutulan qazlaşdırma işləri ilə yanaşı Azəriqaz İstehsalat Birlyi öz imkanları hesabına istər paytaxtda, istərsə də digər şəhər və rayonlarda küçə qaz xətlərinin çəkilməsi işlərini də icra edir. Gəncə şəhərinin Məmmədtağı Cəfərov küçəsi də məhz Birliyin vəsaiti hesabına qazlaşdırılan küçələrdəndir. Həmin yerdə qaz xətləri çəkilərkən bütün texniki göstəricilərə əməl olunub. Çünki istənilən qaz kəməri çəkilərkən tikinti norma və qaydalarının tələbləri yerinə yetirilir, bundan başqa kəmər istismara qəbul edilməmişdən əvvəl müəyyən sınaqlardan keçirilir. Əgər hər hansı bir çatışmazlıq aşkar edilərsə, dərhal aradan qaldırılır. Bütün proseslər başa çatdıqdan sonra abonentə qazın verilişi təmin olunur”.

Qurum rəsmisi bildirib ki, vətəndaşın bununla bağlı yalan məlumat yaymasında xüsusi məqsədi olub:

“Həmin şəxs evində təmir işi apardığı üçün qaz xəttinin yerini dəyişdirmək istəyir. Lakin ona izah edilib ki, qazlaşdırma işləri başa çatdıqdan sonra küçələrdə qaz xətlərinin özbaşına yerinin dəyişdirilməsi yolverilməzdir. Qaz kəmərinin yerinin dəyişdirilməsi yalnız abonentin öz vəsaiti hesabına xüsusi lisenziyası olan podratçı təşkilatlar tərəfindən həyata keçirilə bilər”.

Qeyd edək ki, Gəncənin Məmmədtağı Cəfərov küçəsində yaşayan sakinlərin iddiasına əsasən, qaz xəttinin çəkilişində tikinti materialları bazarındakı istismar müddəti başa çatmış, çox hissəsi korroziyaya uğramış yararsız, “metallom” materiallarından istifadə edilib. Sakinlər sosial şəbəkələrdə bunun fotosunu da yayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/532563.html