Çin-Tayvan böhranı: ABŞ təyyarə gəmisini bölgəyə göndərdi

 17:03 24.01.2021     55

Asiya qitəsində Çinlə Tayvan arasında yaşanan gərginlikdən sonra ABŞ “USS Theodore Roosevelt” rəhbərliyindəki təyyarə gəmisi qrupunun dənizlərin azadlığını dəstəkləmək üçün şənbə günü Cənubi Çin dənizinə daxil olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.

Bildirilib ki, Çinin Tayvan da daxil olmaqla qonşularını qorxutmaq cəhdləri narahatlıq doğurur. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Pekin rəhbərliyini Tayvana qarşı hərbi, diplomatik, iqtisadi təzyiqlərə son qoymağa çağırıb və demokratik seçkilər yolu ilə hakimiyyətə gələn Tayvan təmsilçiləri ilə dialoqa səsləyib.

Açıqlamada Vaşinqtonun Tayvanla əlaqələrini gücləndirməyə davam etdiyi, Çin ilə sözügedən ada ölkəsi arasında münasibətlərin sülh yolu ilə həll edilməsinin dəstəkləndiyi ifadə edilib. Rəsmi Pekin mövzu ilə bağlı açıqlama verməyib.

Tayvan Müdafiə Nazirliyi isə bildirib ki, Tayvanı Çin ərazisi olaraq qəbul etmək məqsədilə təzyiq altına almaq üçün Çin tərəfindən şənbə günü ölkənin cənub-qərbindəki hava sahəsinə nüvə silahı daşıyan səkkiz bombardmançı və dörd reaktiv təyyarə gətirilib.

Çinin Tayvana yönəlik bu addımının Co Baydenin ABŞ-da prezident vəzifəsinə başlamasından dərhal sonra baş verdiyi vurğulanıb. Baydenin bu mövzuda Çinə olan təzyiqini azaldacağı gözlənilmir, ancaq tərəflər arasındakı dialoqa qayıdışı dəstəkləyəcəyi gözlənilir.

Akqabay


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/diger/343987.html