Azərbaycanlını öldürən dəniz quldurları haqda nə bilirik? - FOTO

 19:02 24.01.2021     66

Neftin qiyməti düşəndən sonra dəniz quldurlarının "qara qızıl" a maraqları azalıb, indi əsasən, gəmi heyətini girov götürərək onların azadlığı üçün şirkətlərdən pul tələb etməyə üstünlük verirlər...
Yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Liberiya bayrağı altında üzən "Mozart" gəmisinin türk ekipajını girov götürüb. Gəminin göyərtəsində 19 nəfər olub.

"Anadolu" agentliyinin verdiyi məlumata görə, gəmiyə hücum Nigeriyanın Sao Tome şəhərindən təqribən 160 km məsafədə baş verib. Hücum nəticəsində 15 heyət üzvü əsir götürülüb, bir nəfər azərbaycanlı isə öldürülüb.

illi.Az musavat.com-a istinadən bildirir ki, dəniz quldurları girovlarla birlikdə gəmini tərk etdikdən sonra göyərtədə qalan üç dənizçi gəmini təhlükəsiz limana aparıblar.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gəmi komandiri ilə iki dəfə telefonla danışıb. TASS xəbər verir ki, dövlət başçısı prosesi yaxından izlədiyini, həmçinin gəminin qaçırılan heyətini xilas etmək üçün tədbirlər görüldüyünü deyib. Gəmi bu gün artıq Qabonun Gentil limanında lövbər salıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, gəmidə öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi və 3 heyət üzvü var. A.Karaismailoğlu gəmidə öldürülən azərbaycanlı mühəndislə bağlı Azərbaycan xalqına başsağlığı verib. Nazir deyib ki, dəniz quldurlarının girov götürdüyün 15 heyət üzvünün azad edilməsi üçün bütün imkanlar səfərbər edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva APA-ya açıqlamasında bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.
Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək: "Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır".

Ən təhlükəli dəniz quldurları - Qvineya körfəzi...

Atlantik okeanındakı Qvineya körfəzi sahilində Fil Dişi, Qana, Toqo, Benin, Nigeriya, Konqo Demokratik Respublikası və Kamerun ölkələri yerləşir.

Azərbaycanlı dənizçinin öldürüldüyü Nigeriyada dəniz quldurluğunun tarixi yenidir. Əvvəllər Nigeriyada işçi və neft şirkətləri üçün materiallar daşıyan kiçik gəmilər hücumlara məruz qalırdı. Amma zaman keçdikcə quldurlar daha aqressiv oldular, daha yaxşı silahlandılar və bununla bərabər iştahları da artdı. İndi onlar iri neft daşıyan tankerləri də çəkinmədən hədəf seçə bilirlər.

Amerikanın "Oceans Beyond Piracy" təşkilatının son hesabatına görə, indi Somali dəniz quldurları "liderliyini" itirib və onların yerini Nigeriyanın dəniz quldurları tutub. Neftin qiyməti düşəndən sonra Somalinin dəniz quldurlarının "qara qızıl" a maraqları azalıb, indi əsasən, gəmi heyətini girov götürərək onların azadlığı üçün şirkətlərdən pul tələb etməyə üstünlük verirlər.

Koronavirus pandemiyasına baxmayaraq, 2020-ci ildə dünyada dəniz gəmilərinə edilən hücumların sayı 2019-cu illə müqayisədə 20% artıb. Ümumilikdə, dənizdə 195 quldurluq və silahlı soyğun hadisəsi qeydə alınıb, bir il əvvəl isə bu cür faktların sayı 162 idi. Beynəlxalq Dəniz Bürosunun (IMO) dəniz quldurluqlarının sayının artmasını COVID-19-un dünyada yayılmasının nəticələri ilə əlaqələndirirlər. Söhbət yalnız insanları cinayətə sövq edən iqtisadi böhrandan getmir.

Belə ki, dövlətlər tərəfindən qəbul edilən məhdudlaşdırıcı tədbirlər bir çox cinayətkar qrupları quruda fəaliyyətlərinin bir hissəsini azaltmağa və dəniz quldurluğuna keçməyə məcbur edib. Hücumların artmasına daha bir səbəb bəzi gəmiçilik ölkələrinin pandemiya fonunda tətbiq etdiyi məhdudiyyətlərdir. Yəni pandemiya ilə mübarizə üçün sərf edilən insan, maliyyə, maddi mənbələr gəmiçilikdə təhlükəsizlik sahəsində müəyyən boşluqlar yaradıb. Üstəlik, virusun yayılmaması üçün bir ölkədən başqa ölkə limanına keçən gəmilər karantinə alınırlar ki, onların dayanma nöqtələri heç də həmişə təhlükəsiz olmur və dəniz quldurlarının asan hədəfinə çevrilirlər.

Dəniz quldurlarının ənənəvi hədəfi neft tankerləri olmaqda davam edir. 2020-ci ildə Qərbi Afrikada neft tankerlərinə və insanların girov götürülməsi sayında rekord artım (135) qeydə alınıb. Onların demək olar ki, hamısı (130) Qana, Toqo, Nigeriya, Kamerun və Ekvatorial Qvineya kimi ölkələrin sahillərində - Qvineya körfəzində baş verib. Neft tankerlərinə tez-tez edilən hücumların səbəbi aydındır. Neftin qiymətinə baxmayaraq, həmişə alıcı tapmaq mümkündür. Qvineya körfəzindəki quldurlar neft daşıyan gəmilərə adətən 6-10-dan çox olmayan qruplar halında hücum edirlər.

Son aylar neft tankerlərinə limana 200 mil məsafədə də hücum halları baş verir. Beynəlxalq Dəniz Bürosu, Qvineya körfəzindən keçən gəmilərin sahildən ən azı 250 mil məsafədə qalmasını tövsiyə edir.

Ötən il gəmiçilər dəniz quldurlarının hücumuna ən çox Nigeriya sahillərində məruz qalıblar. 2021-ci ildə dəniz quldurlarının hücumlarının sayının artacağı gözlənilir. Karib sahillərindəki digər dövlətlərdə də dəniz quldurlarının fəaliyyətinin artacağı, bu da gəmiçiliyə və beynəlxalq neft şirkətlərinə ciddi maneələr yaradacağı deyilir.

Beynəlxalq Dəniz Bürosu dünyada dəniz quldurlarının texniki imkanlarının artmasına işarə edir və dövlətləri körfəzdə patrul nəzarətini artırmağa çağırır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/916312.html