Komitə sədri gənc rəssamlarla görüşdü - Foto

 20:00 24.01.2021     47

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup istedadlı gənc rəssam və heykəltaraşla görüşüb.

Kult.az xəbər verir ki, millət vəkili onların yaradıcılıq planları və qayğıları ilə maraqlanıb, müzakirələr aparıb.

Q.Paşayeva ölkə Prezidentinin 2021-ci ili Nizami İli, Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsini, Xarı bülbül və Vaqif Poeziya Günlərinin bərpasını yaradıcı insanlar, o cümlədən rəssamlar, heykəltaraşlar üçün də bir çağırış - yeni sənət üfüqlərinə dəvət olaraq xarakterizə edib.

Gənc heykəltaraş və rəssamları düşmən üzərində tarixi zəfərimizi öz duyğu və düşüncələri ilə ifadə etməyə səsləyən Q.Paşayeva özünəxas ənənələri olan Azərbaycan heykəltaraşlıq və rəssamlıq məktəbinin sabahının bugünkü gənc nəsildən önəmli dərəcədə asılı olduğunu deyib, yaradıcı gənclərə uğurlar arzulayıb.

Görüşdə iştirak edən Azər Nəcəfov, Arslan Məmmədov, Nərmin İsmayılzadə, Süsən Heydərova, Gülü Baxşəliyeva, Elxan Zeynalov səmimi görüş üçün Mədəniyyət Komitəsinin sədri Q.Paşayevaya təşəkkür edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/resm/533079.html