Deqatidən Bülbüllə bağlı paylaşım - Foto

 23:14 24.01.2021     53

Məşhur fotoqraf Reza Deqati Azərbaycanın görkəmli sənətkarı Bülbüllə bağlı Tvitter səhifəsində paylaşım edib.

Kult.az xəbər verir ki, fotoqraf ustad xanəndənin evinin görüntülərini əks etdirən şəkilləri izləyici ilə bölüşərək, qeyd edib:

“Şuşa, Qarabağ, Azərbaycan. Bülbülü kim susdurmaq istəyirdi? Xahiş edirik, bizə bir az məlumat verin görək, Bülbül kim idi? Onun evi və heykəli niyə darmadağın edilmişdi?

Bülbülün adı kimi səsi var idi. O, Azərbaycanın ən sevilən və dinlənilən müğənnilərindən biri idi. Əslən şuşalı olsa da səsi dünyaya məxsus idi.

1992-ci ildə şəhərin işğalından bir neçə həftə öncə onun evini ziyarət etmişdim. Bu, muzey idi və Bülbülün bütün şəxsi əşyaları əla vəziyyətdə saxlanılmışdı. 2020-ci ildə Azərbaycan Şuşanı işğaldan azad etdikdən sonra bura geri gəldiyimdə gördüklərim bu fotolardadır”.

Xatırladaq ki, Şuşada Bülbülün ev muzeyi iki otaqdan ibarət olub. Muzeydə xanəndənin yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Lakin Şuşa işğalda olarkən ermənilər muzeyin 10 mindən artıq eksponatı məhv edib və talan ediblər. Talan olunan muzey əşyalarını ermənilər dünya ictimaiyyətinə erməni maddi-mədəniyyət nümunələri kimi təqdim edirlər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/kult/533112.html