Bu, Azərbaycanın maraqlarına tam uyğundur - Ekspert

 15:10 27.01.2021     51

“Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin işə başlaması və türklərin bölgəyə gəlişi həm Azərbaycan, həm də Türkiyə üçün uğurlu addım kimi qiymətləndirilməlidir”.

Bu sözləri Publika.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib.

O qeyd edib ki, Birgə Monitorinq Mərkəzinin yaradılması 10 noyabr bəyanatından sonra razılaşdırıldı və daha sonra Prezident İlham Əliyev bu proseslərdə Türkiyənin iştirak edəcəyini açıqladı: “Əvvəlki dönəmlərdə Türkiyənin Qarabağ münaqişəsinin həllində iştirakına bir o qədər də icazə verilmirdi. Məsələn, 90-cı illərdə Türkiyə dəfələrlə buna cəhd göstərsə də, icazə verilmədi. Daha çox Fransa kimi dövlətlər Ermənistanın maraqlarını müdafiə edərək buna imkan yaratmırdılar. Lakin artıq İkinci Qarabağ müharibəsi vəziyyəti dəyişdi. Bu müharibə həm Azərbaycanın regionda mövqeyini möhkəmləndirdi, həm də Türkiyənin maraqlarına xidmət etmiş oldu”.

S.Zahidov əlavə edib ki, sülhməramlılar ilk növbədə neytrallığı qorumalı, bölgədə sülhün və əmin-amanlığın təmininə xidmət etməlidir. Bu baxımdan da həmişə bir yox, bir neçə dövlətin qüvvələrinin iştirakı ilə sülhməramlı kontingent yaradılır: “Bu nöqteyi-nəzərdən Türkiyənin burada iştirakı həm də Rusiyaya qarşı balans rolunu oynamış olacaq. Əgər rus sülhməramlıları tərəfindən hansısa məsələ gözdən yayınarsa, türk hərbçilər bu məsələləri düzəldə bilər. Bu baxımdan Türkiyənin bu proseslərdə iştirakı Azərbaycanın maraqlarına tam uyğun addımdır. Həmçinin, Türkiyə Azərbaycana qardaş ölkədir və heç bir halda dövlətimizin maraqlarına xələl gətirəcək addımların olmasına imkan verməyəcək. Buna görə də bunu uğurlu addım hesab edirik. Nəhayət ki, qardaş Türkiyə birbaşa olaraq post-münaqişə dövrünün proseslərinin nizamlanmasına nəzarət edən tərəflərdən biri olacaq”.

Akqabay Mıradov


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_tehlil/344366.html