Düşmənə aman verilməyəcək - Şuşa əbədi qalacaq

 15:27 27.01.2021     63

Hər şey yuxu kimi gəldi. Sentyabrın 27-si səhər saatlarında aldığımız müharibə xəbəri əksər insanlarda Aprel döyüşləri (2016), Tovuz hadisələri (2020) kimi qısa çəkəcəyi fikirlərini yaratdı. Amma Azərbaycan Ordusu 30 illik həsrətə son qoymaq üçün 44 günlük bir yola çıxdı. Şuşanın azad edilməsi (8 Noyabr 2020) Ermənistanın ümidlərinin üstündən xətt çəkdi. 

Alınmaz qala hesab edilən qaya üstündə tikilən qala şəhərin işğalçılardan təmizlənməsi məhz Vətən müharibəsindəki qələbəmizin əsasını qoydu. Şuşanın azad edilməsi ilə düşmən də hər şeyin bitdiyini anlayınca kapitulyasiya aktına (10 Noyabr) imza atmağın Ermənistanı dövlət olaraq xilas etmək üçün son çıxış yolu olduğunu anladı. Və bununla da Şuşa öz sahibinə qovuşdu. 28 il sonra o şəhərə azərbaycanlı ayağı dəydi, müqəddəs torpaq öz əsl sahibinə qovuşdu. 

10 Noyabrdan bu günə kimi Ermənistanın siyasi dairələrindən Şuşanın erməni şəhəri olduğu ilə bağlı müxtəlif açıqlamalar gəlməkdə davam edir. Amma Şuşanın tarixi və mədəniyyəti o şəhərin ruh halının Azərbaycana məxsus olduğunu hər daşı, hər qayası ilə təsdiq edir. Elə bu səbəbdən də düşmən 28 il ərzində Şuşada daşı-daş üstə qoymadı. Mədəni, tarixi, dini abidələrimizi dağıdan ermənilər, şəhəri erməniləşdirməyə məruz qoysalar da niyyətlərinə çata bilmədilər. Prezident İlham Əliyevin bu gün Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söylədiyi "Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi" fikirləri kimi. 

Şuşanın Azərbaycan mədəniyyətinə, elminə bəxş etdiyi ziyalılarının ev muzeylərini, abidələrini yararsız hala saldığı kimi 2 əsr öncə həmin şəhərdə yaşamış Xurşidbanu Natəvanın məzarını da dağıdaraq sümüklərini oğurlayan ermənilər vandalizmin digər "nümunəsini" göstərməklə yanaşı, ölkənin hələ də faşizm ideologiyaları, nasist ideyaları ilə idarə edildiyini bir daha nümayiş etdirmiş oldu. Dünyaca məşhur fotoqraf Reza Deqati Instagram" səhifəsində Natəvanın məzarının fotolarını paylaşaraq ilk dəfə 1992-ci ildə erməni hərbi birləşmələrinin hücumundan əvvəl məqbərənin ərazisində olduğunu və oranın şəkillərini çəkdiyini vurğulayıb: "Şəhər 2020-ci ilin noyabrında işğaldan azad edildikdən sonra mən yenidən oraya qayıtdım və şairənin dəfn edildiyi məzarın dağıdıldığını, hətta onun sümüklərinin qəbrindən çıxarılıb aparıldığını gördüm".

Hələ müharibənin gedişində Türkiyənin "A Haber" telekanalına müsahibəsi zamanı "Şuşasız qələbəmiz yarımçıq olar" deyən Ali Baş Komandan milyonların qarşısında verdiyi sözü tutaraq bir xalqın, millətin arzusunu gerçəkləşdirdi. Bəli, Şuşa azaddır, biz qayıtmışıq, biz onu dirçəldəcəyik!

Pənahəli xanın şah əsəri (1752-ci ildə), dağlarının başı dumansız Şuşa Prezidentin son çıxışında dediyi kimi müharibə başlayandan bizim əsas hədəfimiz idi, zəfərimiz də onunla gerçəkləşdi. Daha Qafqazın incisi, islam dünyasının mədəniyyət paytaxtı olan Şuşa yeni mərhələyə qədəm qoyur. Müasirlik və tarixn birgə vəhdəti əsasında bərpası, yenidən qurulacağı planlaşdırılan Qarabağın gözü Şuşa artıq etibarlı əllərdədir. Onu indi canı, qanı bahasına azad edən öz övladları qoruyur. 

Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir. Bütün bu işlər Prezidentin nəzarəti altında planlı şəkildə aparılacaq. Tarixi siması saxlanılmaqla, Şuşaya yad olan hər hansı bir tikiliyə yol verilməyəcəyini Prezident İlham Əliyev Şuşa rayonuna təyin etdiyi xüsusi nümayəndəsini qəbul edərkən də bir daha söylədi. Vətən Müharibəsini taclandıran Şuşa qələbəsi bu xalqı böyük zəfərlərə aparan yeni tarixin başlanğıcıdır.

Təhməz Əsədov
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/917160.html