Paşinyan cib seçkisi hazırlayır: düşmən özünü didməyə başlayıb

 15:48 27.01.2021     42

"Kimlərsə düşünə bilər ki, müxalifət düşərgəsində parçalanma, qütbləşmə və ya didişmə başlanıb. Belə deyil. Daha doğrusu, heç belə deyil".

Ermənistanın sabiq prezidenti Robert Köçəryan bu gün iqamətgahında üç jurnalistlə görüşərək onların suallarını cavablayıb.

"Koçik" ləqəbli R.Köçəryan əslində, böyük siyasətə qayıdışının və hakimiyyət uğrunda mübarizəyə başlayacağının bəyanını bu gün məhz "sual-cavab" formatında açıqlamaları ilə gerçəkləşdirmək qərarına gəlib.

Onun qayıdış niyyətini bəlirləyən məqamlardan biri də sabiq prezidentin maliyyələşdirdiyi və nəzarətdə saxladığı media strukturlarının sosial şəbəkələrdə keçirməyə başladıqları "müstəqil sorğu"lardır.

Həmin sorğular daha çox Facebook və Telegram-dadır.

Sorğuların nəticələrinə görə, rəyi soruşulanların 46 faizi Robert Köçəryanı, 1 faizi - 17 müxalifət partiyasının vahid namizədi Vazgen Manukyanı, 19 faizi Nikol Paşinyanı, 5 faizi "Sasna Srer"in lideri Jirayr Sefilyanı dəstəkləyiblər.

Telegram-da keçirilmiş sorğunun nəticələrinin Köçəryanın xeyrinə saxtalaşdırıldığı aydındır, çünki sorğunun sosial şəbəkələrdə təşkilatçısı olan Aram Qabrelyanov da "istədiyimizə çatdıq" yazaraq bunu dolayısıyla etiraf edib.

Robert Köçəryanı hakimiyyətə gəlmək üçün bütün vasitələrdən istifadə etdiyini baş nazir Nikol Paşinyan da anlayır.

Ermənistanda iqtidarda olan "Mənim Addımım" partiyası növbəti parlament seçkilərinə hazırlaşmağa başlayıb. Paşinyan mövqelərini qorumaq və seçilməyəcəyi təqdirdə, həbsdən və məhkəmə təqiblərindən qurtulmaq üçün parlamentin spikeri Ararat Mirpzoyanı baş nazir postuna namizəd göstərmək niyyətindədir.

Bundan başqa, Nikol Paşinyan Ermənistan müxalifətinə əla bələddir və onu hakimiyyətdən kənarlaşqdırmaq niyyətində olanların qruplaşdığı düşərgənin xaotik, sadəcə, müvəqqəti məqsəd naminə bir araya gəlmiş fərdlərdən ibarət olduğunu anlayır.

Ölkənin sabiq müdafiə naziri, müxalifətdəki 17 partiyanın baş nazir postuna vahid namizədi olan 74 yaşlı Vazgen Manukyansa fəaliyyət taktikasını dəyişərək daha aktiv, hətta radikal addımlar atmağa hazırlaşır.

O, sabah İrəvanda keçiriləcək kütləvi mitinq və etiraz yürüşü ilə bağlı tərəfdarlarına belə messic ünvanlayıb: "Nikol Paşinyanın istefasına qanuni, konstitusion yollarla nail ola bilmiriksə, onu üsyan vasitəsilə devirmək gərəkdir. Dövlət binalarını ələ keçirməli, hakimiyyəti zorakılıq tətbiq etmədən devirməliyik.  Xalqın özü o anın yetişdiyini anlamalı, üsyan etməlidir".

V.Manukyan hesab edir ki, ölkə müxalifəti N.Paşinyanın hakimiyyətdən kənarlaşdırılması və könüllü istefası üçün yolların tükəndiyi, qanuni vasitələrin olmadığını hesab edir.

Bu isə Ermənistanda hakimiyyət uğrunda mübarizə apardıqlarını və təmərküzləşmiş halda olduqlarını, vahid düşərgə təşkil etdiklərini deyən müxalifətin əslində dağınıqlıqdan qurtula bilməməsi ilə yanaşı, müxalifət liderləri arasında qarşıdurmaların daha da gücləndiyini göstərir.

Nikol Paşinyan geri çəkilmək niyyətində deyil. Tam əksinə, o, müxalifətə və əleyhdarlarına qarşı yeni zərbə ssenarilərini reallaşdırmağa hazırlaşır.

O, may ayında növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olmaq fikrindədir və bunun üçün ilk addım parlamentin özünü buraxmasıdır.

Səbəb sadədir: Ermənistanın mövcud Konstitusiyasına görə, növbədənkənar parlament seçkiləri yalnız baş nazirin istefasından sonrakı 7 gün ərzində ölkə parlamenetinin yeni baş naziri deputatlar arasından səs çoxluğu ilə seçə bilməməsi halında keçirilir.

Paşinyanın nəzərdə tutduğu dəyişikliklərin məğzi isə Ermənistan Konstitusiyasının 92-ci maddəsinə dəyişikliklər etməkdir.

Həmin dəyişikliklərə görə, deputatların ən azı 3/5 hissəsinin lehinə səs verməsindən sonra parlament buraxılır və növbədənkənar parlament seçkiləri keçirilir.

Məhz bu səbəbdən N.Paşinyan dərk edir ki, Ermənistanın kapitulyasiyası ilə bitən İkinci Qarabağ savaşından sonra o, ölkədə inzibati rıçaqları tətbiq etmədən növbədənkənar seçkilərdə qalib gələ bilməz. Paşinyanın bütün inzibati təsir mexanizmlərini əlində saxlamaq və hakimiyyət vertikalını qorumaq istəyi bu amillə bağlıdır.

... Yeni üsyana, qiyama, "inqilab"a hamilə olan Ermənistan unudur ki, inqilabları romantiklər düşünür, fanatiklər gerçəkləşdirir, nəticələrdənsə əclaflar bəhrələnirlər. Və o inqilab həmişə öz övladlarını yeyir.

Baş verdiyi dövləti çökdürərək...

Elçin Alıoğlu
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/917190.html