Şeyx daha bir beynəlxalq qurumun rəhbərliyində təmsil olunacaq

 17:04 27.01.2021     35

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdül Salamla video formatda görüş keçirib.

QMİ-nin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, görüşün təşəbbüskarı olan Baş katib Şeyxülislam həzrətləri ilə bilavasitə tanış olmaq, daimi əlaqənin bünövrəsini qurmaq, habelə İnsan Qardaşlığı Ali Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın mümkün aspektləri barədə söhbət açmaq niyyətini bildirib.

Görüş zamanı Məhəmməd Əbdül Salam Şeyxülislam A.Paşazadənin dinlər və sivilizasiyalar arası əməkdaşlıq sahəsində dərin təcrübə və əlaqələri, dünya miqyasında nüfuz və etimadı barədə geniş məlumata malik olduğunu bildirib və rəhbərlik etdiyi qurumun Azərbaycanla fəaliyyət qurmaq istəyini açıqlayıb.

Məhəmməd Əbdül Salam məlumat verib ki, Roma Papası Fransisk və Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyib arasında imzalanan İnsan Qardaşlığı Sənədi əsasında yaradılmış İnsan Qardaşlığı Ali Komitəsinə dünyada tanınan dini lider, alim və mədəniyyət xadimləri daxildir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/533832.html