Zərifin Nikola sətiraltı Qarabağ mesajı: "Azlıqlar"...

 12:46 28.01.2021     47

İrəvanda Ara Ayvazyanla görüşündə “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir” deyən İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Baş nazir Nikol Paşinyanla görüşündə daha korrekt davranıb. O deyib: “Əlbəttə, siz İranın münaqişə ilə bağlı mövqeyini bilirsiniz. Bu, beynəlxalq hüquqa əməl edilməsi, xalqların, o cümlədən azlıqların qorunması, həmçinin ərazi bütövlüyü və güc tətbiq edilməməsidir”.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli qeyd edib.

Ekspert bildirib ki, Zərifin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bu yanaşması beynəlxalq hüquqa söykənən bir mövqe kimi normal qəbul edilə bilər:

“Amma iranlı nazirin “azlıqların qorunması” ilə bağlı tövsiyə xarakterli mülahizəsi, əslində, İranın özünə və Ermənistana daha çox aiddir. Çünki region dövlətlərindən azlıqların hüquqlarına ən çox sayğısız münasibət İrana və Ermənistana aiddir.

Ermənistan monodövlətdir. Bu ölkənin beynəlxalq səviyyədə tanınmış əraziləri çərçivəsində, öz ata-baba yurdlarında yaşayan 256 min azərbaycanlı 1988-1989-cu illərdə ölkədən zorla qovulublar. Hazırda Ermənistan əhalisinin 98%-i bu ölkənin rəsmi statistik məlumatlarına görə ermənilərdən ibarətdir. Yerdə qalan 2%-ni isə əsasən yezidi kürdlər və azsaylı rus, yunan, gürcü icmaları təşkil edir. Qeyd edim ki, bu, Ermənistanın təqdim etdiyi rəsmi statistik göstəricilərdir və hazırda bu ölkədə azsaylı yezidi kürdlərdən başqa hər hansı bir etnik qrupun nümayəndələrinin yaşaması ilə bağlı fakt yoxdur.

İrana gəldikdə isə, ölkə əhalisinin 40%-ni təşkil edən Azərbaycan türklərinin milli mədəniyyətlərinin, dillərinin qorunması, tədrisi ilə bağlı çoxsaylı problemləri var.

Azərbaycanlılarla yanaşı İranda yaşayan digər xalqlara heç bir mədəni hüquq tanınmadığı halda, sayı təxminən 100 min nəfər olan ermənilərin öz dillərində məktəbləri var və mədəniyyətlərini inkişaf etdirməkdə tamamilə sərbəstdirlər.

Məhz bu baxımdan, regionda azlıqların qorunması ilə bağlı ən sonuncu söz sahiblərinin Ermənistan və İran olduğunu desəm, düşünürəm ki, yanılmaram. Həm Ermənistanın, həm də İranın etnik qruplar və dini konfessiyalarla bağlı Azərbaycandan öyrənəcəkləri, əxz edəcəkləri çox şey var”.

Politoloq deyib ki, güc tətbiq etməməyə gəldikdə isə bu məsələdə də ən son söz sahibləri yenə də İran və Ermənistandır:

“Əgər İran işğalçıya qarşı güc tətbiqindən başqa hansısa mexanizmlərin olduğunu bilirsə, o zaman bunu öz sərhədlərindən kənarda iştirak etdiyi münaqişələrə də tətbiq etsin”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/534023.html