Sabiq deputat şirkətinin adını dəyişdi

 15:36 23.02.2021     36

Azərbaycan Milli Məclisinin sabiq deputatı Qasımov Əsabil Qarakişi oğlunun rəhbərlik etdiyi (qanuni təmsilçi) "Azşuqar" Ticarət Şirkəti (VÖEN: 1400020391) adını və təşkilatı-hüquqi formasını dəyişərək "De Decco" MMC-yə çevrildiyini elan edib.

Milli.Az yeniavaz.com-a istinadən xəbər verir ki, "Azşuqar" Ticarət Şirkəti 08.04.1997-ci ildə dövlət qeydiyyatından keçib. Hüquqi ünvanı Nəsimi rayonu, Sahib Zeynalov, ev 22/23, m. 52-də yerləşir.

Məlumat üçün onu da bildirək ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndinə görə deputat sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır.

Maraqlıdır ki, sabiq millət vəkili Əsabil Qasımovun Milli Məclisin rəsmi veb-səhifəsində - "meclis.gov.az"da yerləşdirilən tərcümeyi-halında açıq şəkildə qeyd olunub ki, millət vəkili 1995-ci ildən "Karat" holdinqinin direktorudur.

Qeyd edək ki, Əsabil Qasımov 1955-ci il noyabrın 8-də İmişli rayonunun Qaralar kəndində anadan olub. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini bitirib. 1972-ci ildən İmişli çörək zavodunda texnoloq, 1977-ci ildən İmişli tədarük kontorunda tədarükçü, çörək zavodunda usta köməkçisi, baş mühəndis vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/924948.html