Sumqayıt sakinini yük maşını ilə öldürüb qaçan sürücü tapıldı

Sumqayıtda küçədən tapılan meyitin avtomobillə vurulduğu müəyyən edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə fevralın 17-də saat 8 radələrində Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində baş verib. Şəhər sakini Şakir Quliyevin burun nahiyəsində əzilmiş-sıyrılmış xəsarət olan meyitinin tapılması barədə 3-cü Polis Bölməsinə məlumat daxil olub.
Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə Ş.Quliyevin "QAZ-33021" markalı yük avtomobili ilə vurulması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Ş.Orucov şübhəli şəxs qismində saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
Milli.Az
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/924961.html