Bakıda 5 gəncin ölümü ilə bağlı faktlar - Foto

 17:04 23.02.2021     39

Bu gün Badamdar qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən hadisənin ilkin səbəbi müəyyənləşib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, ilkin baxış zamanı ikimərtəbəli evin kombi aparatından xaric olacaq qazın mənzilə dolduğu müəyyənləşib. Belə ki, kombi aparatının bayıra çıxmalı olan və tullantı qazı xaric edən başlığının yerindən çıxdığı və qazı mənzilə doldurduğu müəyyənləşib.

Məlumata görə, vəfat edən Əliyev qardaşları və meyiti tapılan usta əslən Beyləqan rayonundandır. Digər 2 qardaş isə Yasamal rayonunda yaşayıb və əslən Şəmkir rayonundandırlar.

Virtualaz.org saytı isə yazır ki, faciənin baş verdiyi evin sahibləri Sulutəpədə yaşayır, Badamdardakı evlərini isə təmir etdirirlərmiş. Təmir üçün Beyləqan-Füzuli bölgəsində yaşayan qohumlarını çağırıblar:

“Rəşad və Atilla Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbin şagirdləri olub. Valideynləri Sulutəpədə yaşasa da həm məktəblə bağlı, həm evlərində təmir getdiyi üçün Badamdarda qalırmış. Ev sahibinin qohumu olan usta isə evin kombi xəttinin borularını təmir edirmiş, bu vaxt qaz sızması baş verib. Hazırda hadisə yerinin yaxınlığına heç kimi buraxmırlar, kriminalistlər hadisə yerində işləyir.

Qohumlarından birinin dediyinə görə, ata səhər saatlarında oğluna dəfələrlə zəng vurub, amma telefonu götürən olmayıb. Təşvişə düşüb evə gediblər. Ev sahibi evin ikinci mərtəbəsində qapını sındırıb içəri daxil olub, görüb ki, usta qapının ağzında keçinib. Yeniyetmələr və gənclər isə yatdıqları yerdə ölüblər”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/540283.html