Avstriyada koronavirusa qarşı peyvənd olunmuş şəxslərə müəyyən imtiyazların verilməsi məsələsinə baxılır

 23:05 24.02.2021     75

Koronavirusa qarşı peyvənd olunmuş şəxslərə İsrail nümunəsi əsasında müəyyən imtiyazların verilməsi məsələsinə baxılır və bu barədə qərar ən tezi apreldə veriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avstriyanın Federal səhiyyə naziri Rudolf Anşober bu barədə danışarkən hazırda bu istiqamətdə əhatəli iş prosesinin getdiyini və virusun mövcud olacağı yaşayış tərzi üçün strategiyanın hazırlandığı barədə məlumat verib. O bildirib ki, əhali arasında vaksinasiya prosesini təşviq etmək üçün peyvənd olunmuş insanlara gündəlik həyatda bir sıra imtiyaz və ya asanlaşdırılmış imkanların verilməsi müzakirə mövzuları arasındadır. Eyni zamanda yay aylarına kimi ölkədə bütün əhalini təmin edəcək qədər peyvənd dozalarının olacağı güman edilir və sonrakı mərhələdə peyvənd olunmamış və ya istəməyənlərlə "məsuliyyətə söykənən rəftar" edilməlidir.

Peyvənd olunmuş şəxslər üçün yüngülləşdirmələrin nədən ibarət olacağına dair sualı açıq buraxan nazir aprel ayı ərzində bu məsələyə aydınlıq gətiriləcəyini bildirib və hazırda əsas hədəfin ölkədəki peyvənd olunmuş şəxslərin sayının maksimum artırılması olduğunu da bildirib. R. Anşober imtiyazlar məsələləri ilə bağlı Avstriyanın təkbaşına qərarlar verməyindənsə, Avropa İttifaqı səviyyəsində vahid qərarın olmasını daha məqsədəuyğun hesab edib. O, bu fikrini ölkələrarası sərbəst hərəkətin asanlaşacağı və vahid qaydaların bir çox anlaşılmazlıqlara son qoya biləcəyi ilə əsaslandırıb.

Qeyd edilib ki, vaksinasiya kampaniyasında imtiyazlardan danışmaq üçün ölkə əhalisinin yarıdan çoxu koronavirusa qarşı peyvənd edilməlidir. Son iki ayda 8,2 milyon əhalisi olan Avstriyada yarım milyon insan peyvəndin birinci və ya hər iki komponenti ilə peyvənd edilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/925412.html