Yaralı halda düşmən üzərinə atılan 18 yaşlı qubalı qəhrəman - VIDEO - FOTO

 23:30 24.02.2021     72

Vətən müharibəsi bizə bir çox qəhrəmanları tanıtdı. Onlardan biri də 18 yaşında şəhidlik zirvəsinə ucalan Əli İbrahimovdur. Müharibənin ilk günündə yaralanmasına baxmayaraq, döyüşməyə davam edən Əli oktyabrın 14-də şəhidlik zirvəsinə ucalıb və ölümündən sonra üç medalla təltif olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Əli İbrahimov 2002-ci ildə Quba şəhərində anadan olub. Qırmızı qəsəbədəki İsak Xanukov adına 1 nömrəli tam orta məktəbi bitirib. 2020-ci ilin may ayında hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayan gündən savaşa qatılıb. Əli müharibənin ilk günü yaralanıb. Bədənində çoxsaylı qəlpələr olsa da, qısa müddət müalicədən sonra yenidən döyüşməyə davam edib.

"Mingəçevirdə hərbi xidmətdə idi. Müharibə başlayanda da xəbər aldıq ki, ön cəbhədə düşmənlə üz-üzədir. Yaralandıqdan sonra bir müddət Şəmkirdə hospitalda müalicə aldı. Yaraları tam sağalmamış müraciət edərək döyüş yoldaşlarının yanına qayıdıb. Oktyabrın 12-si telefonla danışdıq. Azad etdikləri ərazilərin gözəlliyindən bəhs etdi. Oğluma dedim ayağın yaralıdır, amma yenidən qayıtmısan. Mənə dedi ki, şəhid olan döyüş yoldaşlarımın qisasını almalıyam. Oktyabrın 14-də şəhidlik zirvəsinə ucaldı", - deyə şəhidin atası Bəxtiyar İbrahimov söyləyib.

Şəhidin anası Sitarə İbrahimova bildirir ki, Əlinin musiqiyə həvəsi olub. Qarmonda ifa etməyi çox xoşlayırdı.

"Əli mənim evimin ilk sevinci idi. Adətən süfrə başında əyləşəndə mənim üçün musiqi ifa edərdi. Söz vermişdi ki, hərbi formada evə gələcək, amma qismət olmadı. Sonuncu dəfə telefonla danışanda söylədim ki, yaralanandan sonra tam sagalmamısan, bəlkə müalicəni davam etdirəsən. Sözlərimə etiraz etdi. Çox vətənpərvər övlad idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə şəhidin anası Sitarə İbrahimova söyləyib.

Qəhrəman döyüşçü Əli İbrahimov Talış və Suqovuşan kəndlərinin düşməndən azad olunmasında fəal iştirak edib. Oktyabrın 14-ü Suqovuşan istiqamətində gedən döyüşlərin birində yaxınlığında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Əli İbrahimov Qubanın Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/925048.html