Rəsulzadənin xilas etdiyi Rzayevin gündəliyi...

 01:12 27.02.2021     83

Tanınmış yazıçı Etibar Muradxanlının “Əsirin əsiri” və “282-ci adam” kitabları dərc edilib.

Kult.az xəbər verir ki, eyni vaxtda dərc edilən kitablardan “Əsirin əsiri” kitabında müəllifin gənclik illərində qələmə aldığı iki povest – “Əsirin əsiri” və “Şeytab balası” cəmləşib.

“Əsirin əsiri” elmi fantastika, “Şeytan balası” isə antiutopiya janrında yazılıb. Hər iki povest xaos və qaranlıqla, soyuq və ümidsizliklə dolu 90-cı illər insanını narahat edən milli və bəşəri, siyasi və mənəvi problemlərə həsr olunub. Hər iki povest esxatoloji ovqata köklənib, qiyamət vahiməsi ilə yüklənib. Mənəvi-daxili azadlıq ideyası isə bu povestlərdən qırmızı xətlə keçir və əsas qəhrəmanların mübarizəsində əks olunur.

“282-ci adam” sənədli-bədii roman isə İkinci Dünya müharibəsi illərində almanlara əsir düşən, işgəncə və əzab dolu əsirlik həyatından əski Müsavat lideri M.Ə.Rəsulzadənin sayəsində qurtulan, Almaniyada olanda Milli Komitənin tərkibində M.Ə.Rəsulzadə və Komitənin digər üzvləri ilə bərabər Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparan, müharibədən sonra isə DTK tərəfindən cəzalandırılan Abdulqədir Rzayevin “282-ci adam” adlı gündəliyi əsasında yazılıb.

“Qanun” nəşriyyatında dərc edilən hər iki kitabın ön sözünün müəllifi tanınmış tənqidçi Əsəd Cahangirdir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/kult/541182.html