Ermənistanı elə bir vəziyyətə sürükləyirlər ki... - Korotçenko

 22:16 01.03.2021     79

Ermənistanda hakimiyyətə qisasçılar gələcəyi təqdirdə, ölkə dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalacaq. İrəvanda radikallar yenidən müharibə tələb edirlər və Ermənistanı tarixdə görünməmiş dərəcədə çıxılmaz vəziyyətə doğru sürükləyirlər.

Axar.az xəbər verir ki, bu barədə “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Moskvada, Xocalı faciəsinin qurbanlarının anma gecəsində vurğulayıb.

“Azərbaycan və Türkiyə erməni xalqına kömək əlini uzadaraq kommunikasiyaların bərpa olunmasının, dinc həyatın qurulmasının zəruriliyini deyirlər. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən regiondakı bütün ölkələrin inkişafı üçün altıtərəfli iqtisadi proqram təklif olunub. Bu, hesab edirəm ki, həqiqətən tam düzgün və humanist siyasətdir”, - Korotçenko deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici KİV-lər üçün Bakıda keçən mətbuat konfransı barədə danışan İ.Korotçenko vurğulayıb ki, dövlət başçısı mühüm anları səsləndirib. O, diqqəti ona çəkib ki, Azərbaycan müharibənin vurduğu yaraları ən qısa vaxtda sağaltmaq, vaxtilə işğal altında olan ərazilərin inkişafına yeni təkan vermək, Dağlıq Qarabağı Cənubi Qafqazın incisinə çevirmək niyyətindədir.

“Bir daha qeyd edim ki, regionda bütün sülh dəyişikliklərinin əsasına Azərbaycanın möhtəşəm hərbi qələbəsi sayəsində nail olunub və bu qələbə 2020-ci ilin beynəlxalq gündəliyində ən başlıca hadisəyə çevrilib”, - Korotçenko qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/541794.html