Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib

 19:12 02.03.2021     52

2019-cu ildə Azərbaycana səfər edən Tacikistan vətəndaşlarının sayının 50% artaraq 3500 nəfərə çatıb, ancaq bu rəqəmlər iki ölkə arasında turizm əlaqələrinin potensialını tam əks etdirmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Tacikistanın Turizmin İnkişafı üzrə Komitəsinin sədri Tojiddin Jurazodayla görüşündə deyib.

O, bu səbəbdən qarşılıqlı tanıtımlar vasitəsilə turizm əlaqələrinin inkişaf etdirilməsinə ehtiyac olduğunu vurğulayıb.

Tərəflər turizm sənayesinin bütün dünyada çətin dövrdən keçdiyini, postpandemiya dövründə birgə tədbirlərin keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir edəcəyini, xüsusilə bu münasibətlərin stimullaşdırmaq üçün info turların keçirilməsi, təcrübə mübadiləsinin aparılması, turizm şirkətlərinin əlaqələndirlməsinin təmin edilməsini və iki ölkə arasında birbaşa aviauçuşların açılması perspektivləri kimi məqamların vacibliyini qeyd ediblər.

Fuad Nağıyev tacikistanlı həmkarına Azərbaycanda turizmin inkişafına son illərdə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyi, hökumət tərəfindən pandemiyanın sənayeyə təsirlərini minimuma endirmək üçün dəstək paketinin təqdim olunması haqqında məlumat verib.

Agentlik sədri Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə və azad edilmiş torpaqların turizm potensialı haqqında bəhs edərək bunun Azərbaycan turizmi üçün yeni imkanlar yaratdığını qeyd edib. Fuad Nağıyev Tojiddin Jurazodanı Azərbaycana dəvət edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/927227.html