Ermənistan böyük təhlükə ilə üz-üzə: oradakı Rusiya ordusu... - SENSASİON DETALLAR

 20:58 02.03.2021     46

Ermənistandakı son proseslər dünyanın aparıcı güclərinin diqqət mərkəzindədir. İki qütbün savaşından demokrat pərdəli Nikol Paşinyanın, yoxsa revanşist ruspərəstlərin qalib çıxacağı hələ də sual altındadır. Digər tərəfdən qərbyönümlü siyasətçi kimi tanınan hazırkı prezident də Paşinyana qarşı çıxır. Bir çoxları Armen Sarkisyanın davranışlarını "U" dönüşü kimi qiymətləndirir.

Bəs bu didişmələrin axırı hara gedəcək? Baş verənlərin Qarabağ məsələsinə hansısa təsiri olacaqmı?

Milli.Az publika.az-a istinadən xəbər verir ki, sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov müsahibəsində baş verən proseslər fonunda yaranan suallara aydınlıq gətirməyə çalışıb:

- Tofiq bəy, hazırda İrəvanda siyasi ab-hava həddən artıq dumanlı görünür. Paşinyan devriləcək, yoxsa qalacaq - hamını bu sual düşündürür. Sizcə, nə baş verir? İki qütb - qərbmeyillilərlə rusiyayönümlülərin duelindən kim qalib ayrılacaq?

- Hazırda İrəvanda rusiyayönümlü və Qərbə meyilli qüvvələr meydana toplaşıb. Üz-üzə dayanıblar. Hiss olunur ki, Ermənistan ictimaiyyəti də qərbyönümlü siyasətə daha çox üstünlük verir. Məlum hadisələrdən, daha doğrusu, 44 günlük müharibədən sonra ictimaiyyətin qərbyönümlü siyasəti dəstəkləməsi üçün heç bir maneə qalmadı. İctimaiyyət qərbyönlü siyasəti daha məqbul sayır. Sadəcə olaraq köhnə təfəkkürlü siyasətçilər və əski elita, eləcə də "Qarabağ klanı"na aid olan bəlli insanlar əks mövqedədirlər. Onların əsas mövqeləri orduda və təhlükəsizlik xidmətində cəmləşib. Hiss olunur ki, ictimaiyyət onların köhnə siyasətə qayıdış təklifini qəbul etmək istəmir. Əlbəttə, hazırda Ermənistanda bu kimi proseslər asan keçmir. Amma əslində nəticə artıq bəllidir.

- Sizcə, əldə olunan nəticə nələrdən ibarətdir?

- Nəticə ondan ibarətdir ki, rusiyapərəst qüvvələr Ermənistanın siyasi səhnəsindən çıxarılacaq. Bunun nəticəsində həm Rusiyanın hərbi mövcudluğu, həm də Rusiyanın Ermənistandakı hərbi bazaları addımbaaddım oradan götürüləcək.

- Bəli, doğru deyirsiniz, Armen Sarkisyan da qərbyönümlüdür. Vaxtilə Londonda müxtəlif şirkətlərdə, eləcə də BP-də işləyib. Hesab edirəm ki, Sarkisyanın bu cür davranışının siyasi əsasları var. Mövcud idarəetmə sistemi Ermənistanda yenidir. Ola bilsin ki, Sarkisyan mövcud böhran vəziyyətindən istifadə edib müəyyən səlahiyyətləri yenidən prezident idarə üsuluna qaytarmaq istəyir. Hazırkı prezident baş verən böhrandan istifadə edərək səlahiyyətlərini artırmaqla yanaşı, öz nüfuzunu qaldırmaq, yerini daha da möhkəmləndirmək niyyəti güdə bilər. Bunun nəticəsini zaman göstərəcək. Fikrimcə, Ermənistan prezidentinin bu və ya digər mövqedə olmasının elə bir əhəmiyyəti yoxdur. Müharibədən və siyasi kapitulyasiyadan sonra insanlar Nikol Paşinyanı dəstəkləməyə davam edirlər. İnsanlar başa düşür ki, müharibədə məğlub olan və ya məğlubiyyətə səbəb olan şəxs Paşinyan deyil. Məğlub olan isə Ermənistanın müstəqillik əldə etdiyi vaxtlarda ortaya atılan "Miatsum" (birləşdirmə - T.T.) ideoloji xəttidir. Yəni, Azərbaycana qarşı ərazi iddiaları, Qarabağın Ermənistana birləşdirilməsi ideyaları hazırda baş verən böhranın əsas mövzusudur, nüvəsidir. Hiss olunur ki, Ermənistan ictimaiyyəti özünü bu mövzudan azad etmək istəyir. Bu da praktik bir yanaşmadır. Çünki hazırda söhbət Qarabağın gələcəyindən yox, Ermənistan dövlətçiliyinin sabahından gedir. Əslinə qalsa, Ermənistan dövlətinin gələcəyi təhlükə altındadır.

- Nikol Paşinyanın devriləcəyi təqdirdə, 10 noyabr üçtərəfli bəyanatının aqibəti necə olacaq? İcrası davam edəcəkmi? Yoxsa, revanşistlər yeni müharibənin anonsunu verəcəklər? Nə baş verəcək?

- Ermənistandakı müəyyən qüvvələrin yenidən müharibəyə cəhd edəcəyinə inanmıram. İndiki mərhələdə Ermənistanın nə hərbi, nə də siyasi potensialı var ki, revanş ideyalarını ortaya atsınlar. Revanşistlər olmur, kim olur-olsun, hazırda bunu etmək üçün Ermənistanın potensialı yoxdur. Fikir verirsinizsə, əvvəllər revanş ideyalarını təbliğ edənlər artıq siyasi səhnədə görsənmirlər. Sadəcə olaraq baş vermiş hadisələrdə günahkarlar axtarılır. Bu baxımdan inanmıram ki, Ermənistanın yaxın dövrlərdə Azərbaycana təhlükə yaratmaq imkanları olacaq. Bu məsələ artıq bağlanıb. Mövcud vəziyyətin bu və ya digər formada yenidən Ermənistanın "xeyrinə" dəyişməsi üçün onilliklər lazımdır. İndiki mərhələdə bunu görmürəm.

- Bir sıra rusiyalı ekspert hesab edir ki, Ermənistanda vətəndaş müharibəsi baş verə bilər. Necə düşünürsünüz, bu, mümkündür?

- Hesab edirəm ki, orada artıq vətəndaş qarşıdurması mövcuddur. Bunun silahlı variantının ortaya çıxıb-çıxmayacağı hələlik sual altındadır. Fikrimcə, bunun üçün əsaslar yoxdur. Hazırda Ermənistanda tam şəkildə dərk edilir ki, Qarabağ Ermənistan üçün itirilib. Ölkə böhran içindədir. Belə bir məqamda xilaskar nüans ölkənin Qərblə münasibətlərinin güclənməsidir. Reallığa baxsaq, görəcəyik ki, sosial və texnoloji yardımlar, edilən köməklər demoqrafik böhranın qarşısını almağa hesablanıb. Ermənistanlı mütəxəssislər də deyirlər ki, pandemiyadan sonra sərhədlər açılan kimi ən azı 200 min insan ölkəni tərk edəcək. Bu qarşıdurmanın sonunda siyasi mühacirlər və onların ailələri də Ermənistandan gedəcəklər. Çünki mövcud mühitdə onlar üçün nə siyasi, nə də ictimai gələcək olacaq. Təkcə bu il yox, gələn il də bu qədər insan Ermənistanı tərk edə bilər. Bunu istisna etmirəm. O zaman Ermənistanın 2 milyonluq əhalisinin sayı daha da azalacaq. Ölkənin əhalisi 1 milyon, milyon yarım olacaq. Bu cür vəziyyətdə olan bir ölkə revanşist addımlara istiqamətlənə bilməz. Yenə deyirəm, hazırda gündəmdə olan Ermənistanın bir dövlət olaraq gələcəyidir.

- Baş verən hadisələr fonunda Sarkisyan-Koçaryan cütlüyünün şansını və aqibətini necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, indiki mərhələdə "Qarabağ klanı"nın Ermənistanın siyasi səhnəsində yeri yoxdur. Bu yer qalmayıb. İndiki hadisələr göstərir ki, baş verənlər, xüsusən də Qarabağdakı məğlubiyyət Paşinyandan daha çox Sarkisyan-Koçaryan cütlüyünün adı ilə bağlanacaq. Bu siyahıya Levon Ter-Petrosyanın da əlavə ediləcəyini istisna etmirəm. Çünki vaxtilə o "Miatsum" ideyasının önündə gələn insanlardan idi. Bu baxımdan, adıçəkilən ideologiyanın məğlub olması onu deməyə əsas verir ki, yaxın gələcəkdə bu qüvvələr Ermənistanın siyasi səhnəsində olmayacaqlar.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/927303.html