İnsanın eybini ifşa etməyin cəzası

 21:10 02.03.2021     57

İslami təlimlərə əsasən, möminin abırının əhmiyyəti - can və malı kimidir. Həzrət Peyğəmbər (s) buyurur: "Möminin abır və heysiyyətinin qorunması - can və malının qorunması kimidir".

İnsanın abır və həyası o qədər mühümdür ki, insan ona görə malını və canını fəda etməyə hazırdır. İnsanların bir çoxu üçün abır və həya - ən mühüm amildir. İnsan onu qorumaq üçün mal və canını verməyə hazırdır. Yəni, o halda yaşamaq istəmir ki, abrını əldən vermiş olsun.

İmam Əli (ə) bu haqda buyurur: "O kəs ki, abır və heysiyyətini qorumaq üçün malından keçərsə - bu, onun əsalət və alicənablığının nişanəsidir".

İctimai və siyasi həyatdakı abır - elə izzət kimidir və insanı o yerə qədər aparar ki, insan "Heyhat minnəz-zilləh" şüarını verər. Abrının aradan getməsini, izzətinin aradan getməsi kimi qiymətləndirər və zilləti qəbul etməz.

Quranın nəzərinə görə, başqalarının abrını aparmaq - günah olub, ona görə cəhənnəm əzabı vəd olunmuşdur. "Həqiqətən, iman gətirənlərin arasında çirkin əməlin yayılmasını (birinin pis işinin faş olmasını və ya həmin pis əməlin cəmiyyətdə yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün dünya və axirətdə ağrılı bir əzab vardır. Allah (onun pis nəticə və aqibətini) bilir, siz isə bilmirsiniz". ("Nur" 19).

Həmçinin, əgər insan elə rəftar edərsə ki, abrının aradan getməsinə səbəb olar - bu, haram və günahdır. Hər kim öz abrını qorumazsa, haram iş görmüş olacaqdır. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim din qardaşının eybini axtarar və sirrini ifşa edərsə - ilk addımı cəhənnəmə qədəm basmaq olacaqdır".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Ey insanlar! Bir-birinin qanını tökmək və başqalarının heysiyyətinə ləkə vurmaq - ölənə və Allahla görüşənə qədər sizə haramdır".

Uca Allah Qurani-Kərimdə insanlara xəbərdarlıq edir ki, bəzi rəftarlar insanın abrını apara bilər, ona görə də onlardan çəkinmək lazımdır. O cümlədən məsxərə etmək, bədgümanlıq, qeybət, başqalarının eybini ifşa etmək... kimi əməllər - haramdır.

İmam Sadiq (ə) buyurur: "Möminin varlığı başdan-başa qorunmalıdır. Abırı qorunmalıdır, qanı qorunmalıdır, canı qorunmalıdır".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/926658.html