Qarabağ ermənisinin pasportunda "Azərbaycan" adı - Foto

 01:01 03.03.2021     61

Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılması böyük rezonans doğurub.

Axar.az xəbər verir ki, bu barədə İrəvanın Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü Arsen Karapetyan məlumat paylaşıb.

O qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

“Azərbaycan SSR yox, Azərbaycan. Dostum indi deyir ki, nəhayət, arzuladığı vətəndaşlığı alıb, artıq o da Azərbaycandandır. Bu nə deməkdir?”, - Karapetyan deyib.

Bu barədə danışan Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan məsələni belə izah edib:

“Vətəndaş Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə də keçmiş SSRİ ölkələri üçün heç bir kod yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin hər hansı ölkəsində anadan olubsa, onun doğulduğu yer ölkənin indiki adı ilə pasporta yazılır. Yəni Gürcüstan SSRİ deyil, Gürcüstan. Bu, çoxdankı təcrübədir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/542077.html