Bakıda tramvay xətləri: haranı əhatə edəcək? - Xəritə

 13:19 03.03.2021     40

Əgər Bakını tıxacsız, smart şəhər elementləri olan şəhər etmək istəyiriksə, ctimai nəqliyyat mükəmməl olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri yol-nəqliyyat eksperti Ərşad Hüseynov Bakı.vs-ə açıqlamasında deyib.

“Bakı kimi şəhərin böyük metro şəbəkəsi olmalıdır. Bu şəbəkənin 25 yox, 200 stansiyası olmalıdır. Burada avtobus və tramvay şəbəkəsinin mövcudluğu da mütləqdir.

Belə yanaşdıqda paytaxtın bütün ərazilərinə tramvay xətləri çəkilməlidir. Amma alqoritmin ikinci tərəfi var. Birinci növbədə o boyda tramvay xəttini çəkmək üçün böyük miqdarda investisiya lazımdır. İkinci növbədə isə şəhər küçələri sökülərək yenidən tikilməlidir.

Ona görə də tramvay şəbəkəsini düzgün yerdən başlamaq lazımdır. Həmin ərazidə yenidənqurma işləri aparılmalıdır. O işləri görərkən hərəkətin iflic olmaması üçün qabaqlayıcı tədbirlər görülməlidir.

Tutaq ki, göstərici üçün 300 metr tramvay xətti yaratdıq. Bunu yaratmaq üçün konkret inkişaf strategiyası olmalıdır. Dəqiq hədəflər olmalıdır.

İnvestisiya tərəfi, həmin pulun geri qayıtma qabiliyyəti hesablanmalıdır. İşlər mərhələli şəkildə 300 metrdən başlayıb, 500, 1000 metrə qədər uzadılmalıdır. Daha sonra bu xətlər 2000, 3000 metrə çatdırılmalıdır. Belə olan halda tramvay xətti hörümçək toru kimi bütün əraziləri əhatə edəcək.

Bu işlər tədricən həyata keçirilərsə, bir çox küçələrdə, həmçinin Füzulu, Səməd Vurğun küçələrində də tramvay xətti çəkmək imkanı yaranacaq”, - deyə ekspert bildirib.

Ərşad Hüseynov vurğulayıb ki, indiki dövrdə ən çətin məsələ Bakıda tramvay xətlərinin haradan başlamalı olduğunu müəyyənləşdirməkdir. Ekspertin fikrincə, bu xətləri şəhərin kənarından çəkməyə başlamaq lazımdır.

“Tramvay xətlərinin çəkilişi Qaraçuxur, Günəşli, Bakıxanov qəsəbələrindən başlamalıdır. Oradan qəsəbəiçi şəbəkə yaratmaq lazımdır.

Yaradılan şəbəkəni “Əhmədli” və ya “Neftçilər” metrosu yaxınlığına gətirmək lazımdır. Həmin şəbəkə gəlib metro stansiyaları ilə birləşsə, bu layihə uğurlu olacaq və xətt üzrə işləyən tramvaylar sərnişinlərlə dolub-daşacaq.

Bundan başqa, Biləcəridən Binəqədiyə, Balaxanıya və oradan da hansısa yaxın metro stansiyasına uzanan tramvay xətti effektli olacaq.

Lakin hansısa qəsəbənin bir ucundan digər ucuna işləyən tramvaylar boş işləyəcək. Əsas məqsəd odur ki, kənd camaatı yaxınlıqdakı metroya gələ bilsin.

Yusif Səfərov küçəsi yeni təmir olunub. Bir neçə ilə həmin küçə yenə dağılacaq”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/542168.html