Professor: “Vaksin vurdurmayan insan təhlükə mənbəyidir”

 14:01 03.03.2021     48

“Avropa İttifaqı liderlərinin vaksin olunmayan şəxsləri öz ərazisinə buraxmaması barədə irəli sürdüyü təklifi düzgün hesab edirəm. Vaksinasiya dünyada yeganə vasitədir ki, koronavirus pandemiyasının qarşısını ala bilər. Xəstəliyin yayılmasını dayandıran və ya insanların həyatda qalmaq şansını artıran hər hansı başqa bir effektiv üsulumuz yoxdur”.

Bu sözləri Publika.az-a açıqlamasında tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov deyib. Həkim bildirib ki, vaksin vurdurmayan insan həmişə təhlükə mənbəyidir:

“Türkiyə, İndoneziya, Braziliya, Azərbaycan və digər ölkələr “Sinovac”dan istifadə edir. Lakin mən “Sinovac” vaksinlərinin nə qədər effektiv olacağını bilmirəm, onun 3-cü mərhələsinin nəticələri hələ tam bitməyib. Tədqiqatlar davam edir. Avropa İttifaqının, Ümumdünya Səhiyyə Təşkilatının və beynəlxalq avtoritar qurumların qəbul etdiyi 3 vaksin var: “Moderna” , “The Oxford/AstraZeneca COVID-19 vaccine”, “Pfizer-BioNTech”.

Avropa İttifaqının Çin vaksini vurduranları öz ərazisinə buraxmayacağı barədə iddialar da səsləndirilir. Odur ki, Avropa ölkələrinə səyahət etmək istəyənlərdən hansı sənədlərin tələb olunacağı sual altındadır.

Qeyd edək ki, Çin istehsalı peyvəndlər Avropa tərəfindən təsdiq edilməyib. Çində peyvənd istehsalçıları da ittifaqın təsdiqi üçün müraciət etməyib. Rusiya isə Çindən fərqli olaraq, öz peyvəndlərinin qəbulu üçün Aİ-nin EMA təsdiq qurumuna müraciət ünvanlayıb.

Aytən Məftun


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/saghlamliq/348366.html