Anar Kərimov Ərdoğanın müşaviri ilə görüşdü

 14:27 03.03.2021     42

Mədəniyyət naziri Anar Kərimov Ankarada Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu ilə görüşüb.

Mədəniyyət Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüş zamanı iki qardaş ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi, ortaq tarixi irs və dəyərlərimizin təbliği istiqamətində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra A.Kərimov ilə Türkiyə Böyük Millət Məclisi Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman komissiyasının sədri Əmrullah İşlər arasında görüş keçirilib.

İkinci Qarabağ müharibəsində ölkəmizin əldə etdiyi parlaq qələbə münasibətilə təbriklərini ifadə edən Əmrullah İşlər bu haqq savaşında Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığın və Azərbaycan əsgərinin rəşadətinin Türkiyə cəmiyyətində böyük qürur hissi ilə qarşılandığını diqqətə çatdırıb.

Türkiyə Böyük Millət Məclisində olmasından məmnunluğunu ifadə edən nazir Vətən müharibəsində Türkiyənin ölkəmizə göstərdiyi dəstəyi xüsusilə vurğulayıb.

Görüşün sonunda nazir Qarabağ mədəniyyətini əks etdirən kitabları Əmrullah İşlərə təqdim edib.

Mədəniyyət naziri Ankarada Türkiyə Prezident Kitabxanasını da ziyarət edib.

Nazirə kitabxananın tarixi və müasir dövrün tələblərinə uyğun qurulan fəaliyyəti barədə məlumat verilib. Anar Kərimov kitabxanada Türkiyə Cümhuriyyətinin qurulması tarixindən bəhs edən sərgi ilə tanış olub.

Kitabxana və sərgi barədə təqdimata görə təşəkkürü bildirən mədəniyyət naziri ölkəmiz, o cümlədən Qarabağ haqqında kitabları Türkiyə Prezident Kitabxanasına hədiyyə edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/542177.html