Milli Məclisin “başıbağlı” deputatı, klassik xanım... - Foto

 10:10 05.03.2021     49

Bu gün İran filologiyası kafedrasının dosenti, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədovanın 80 illik yubileyi qeyd olunur.

Kult.az Azərbaycanın tanınmış şərqşünas alimi Əsmətxanım Məmmədova haqda kiçik tərcümeyi-halı təqdim edir:

Əsmətxanım Məmmədova 1941-ci ildə Bakının Maştağa kəndində ziyalı ailəsində anadan olub, 1958-ci ildə Cəfər Cabbarlı adına 187 nömrəli məktəbi bitirdikdən sonra təhsilini BDU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsində davam etdirib.

Xanım şərqşünas hələ üçüncü kursda təhsil alarkən “Fars ədəbi dili və Tehran dialektində baş verən fonetik dəyişikliklər” məruzəsini qələmə alıb. Bu məruzəyə görə o, Moskva Dövlət Universitetinin Fəxri fərmanı və fəxri tələbə bileti ilə təltif edilib. Universiteti bitirdikdən sonra Elmi Şuranın qərarı ilə kafedrada fəaliyyət göstərməyə başlayıb, 1966-cı ildə AMEA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olub.

Əsmətxanım Məmmədovanın 2007-ci ildə nəşr olunan “Fars dilində vurğu” eksperimental tədqiqat işi təkcə fars dilçiliyi üçün deyil, həmçinin ümumi dilçilik üçün təcrübi nəticələrlə zəngindir. “Fars dilinin orfoqrafiyası” kitabı bu sahədə mütəxəssislər və tələbələr üçün əyani vəsait kimi nəzərdə tutulub. Alimin “Lətifələr, yumoristik hekayələr və tapmacalar” adlı ədəbi dil və danışıq dili ilə müqayisə əsasında çap olunan dərs vəsaiti fakültə tarixində ilk təcrübədir.

Məmmədova, həmçinin bir sıra jurnalların redaksiya heyətinin üzvü və elmi ekspertidir.

Əsmətxanım Məmmədova o cümlədən Azərbaycanda və müxtəlif ölkələrdə dərc olunan 150-yə yaxın məqalənin müəllifidir.

Onu da qeyd etmək lazımdır ki, xanım Məmmədovanın fars vurğusunun təbiətinə aid eksperimentə əsaslanan 60 səhifəlik məqaləsi İranda müxtəlif dillərdə dörd dəfə çap olunub.

Qeyd etmək lazımdır ki, alimin elmi axtarış və düşüncələrini ehtiva edən bu tədqiqat işləri fars dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Ə.Məmmədova yüksək əxlaqi dəyərlərin daşıyıcısı kimi də sevilir. Klassik Azərbaycan xanımı olan Əsmətxanım Məmmədova bu dəyərləri Milli Məclisin deputatı olduğu müddətdə də, siyasi fəaliyyəti zamanı da qoruyub saxlaması ilə qiymətlidir.

Ə.Məmmədova hazırda da elmi və pedaqoji fəaliyyətini böyük enerji və gənclik şövqü ilə davam etdirir.

Dəyərli alimimizə can sağlığı arzulayırıq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/kult/542599.html