RHİMİB 3 yaşını şəhid ailələri ilə qeyd etdi - Foto

 16:20 05.03.2021     44

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi (RHİMİB) təsis olunmasının 3-cü ildönümünü bir qrup şəhid ailəsi ilə birlikdə qeyd edib.

Axar.az xəbər verir ki, RHİMİB sədri Arzu Bağırova Birliyin yaradılmasının 3-cü ildönümünün pandemiya səbəbindən geniş qeyd edilmədiyini, buna baxmayaraq, qurumun məhz bu günü şəhid ailələri birgə keçirməyi daha münasib saydığını bildirib.

O, bir qrup şəhid ailəsinə hesabat verməyi özünə borc hesab etdiyini deyib və ötən dövrdə görülmüş işlər haqda qısa bilgi verib.

“Biləsiniz ki, biz ictimai təşkilat olaraq hər zaman, sizlər daim bizim könlümüzdəsiz”, - A.Bağırova şəhid ailələrinə deyib.

Şəhid Fəqan Zalovun atası Amil Zalov, şəhid baş leytenant Famil Əhmədzadənin atası Ağaəhməd Əhmədov, “Rəşadət” ordenli şəhid polkovnik-leytenant Elzamin Təhməzovun həyat yoldaşı Günay Elzamin, qızı Aysu Elzamin, şəhid Miqdad Abduləlimovun atası Faiq Abduləlimov, anası Tünzalə Abduləlimova, şəhid Vüsal Məmmədovun anası Mahirə Məmmədova ilə keçirilən görüşdə millət vəkilləri – Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Məşhur Məmmədov da iştirak edib.

Millət vəkilləri Arzu Bağırovanın timsalında RHİMİB-in bütün üzv və təəssübkeşlərini təbrik edib, onlara yeni uğurlar diləyib. Q.Paşayeva və M.Məmmədov RHİMİB-in öz yaranma gününü şəhid ailələri ilə keçirməsini alqışlayaraq, bunu ali dövlət rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından nümunə götürmək kimi xarakterizə ediblər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/542714.html