Niyə Barxudarlı? - Ermənistan Qazaxın 7 kəndini qaytarmağa məcburdur

 22:31 07.03.2021     72

Qazaxın işğalda olan 7 kəndi günün əsas mövzusu idi: erməni informasiya mənbələri Barxudarlının boşaldıldığına dair məlumatlar yaydı, rəsmi mənbələr isə təkzib etdilər. Hələki məlumat təsdiqlənməyib...

Burada diqqətçəkən bir məqam var: Qazaxın 7 kəndi işğal altındadır (Sofulu, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli). Onlardan ikisi – Barxudarlı və Aşağı Əskipara anklav (dörd tərəfi Ermənistan ərazisi ilə əhatələnmiş) ərazilərdir. Kəndlər boşaldılırsa, prosesin anklav olmayan ərazilərdən başlanması daha məntiqli olardı. Niyə Barxudarlı?

10 noyabr razılaşması və Moskva bəyanatında regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulur. Razılaşma nəticəsində İcevan-Qazax-Bakı yolu da açılmalıdır: bu yol Rusiyadan Ermənistana daşınmaların həyata keçiriləcəyi əsas nəqliyyat xətlərindən biri ola bilər.

Barxudarlı kəndi məhz İcevan-Qazax yolunun üzərində yerləşir. Kommunikasiya xətlərinin açılması üçün əvvəlcə sərhədin demarkasiyası işi yerinə yetirilməli, işğal altındakı kəndlərin qaytarılması prosesi başa çatmalıdır.

Hazırda Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinləri səviyyəsində nəqliyyat xətlərinin açılması ilə bağlı intensiv görüşlər keçirilir. Bu kontekstdə rus sülhməramlıları və Azərbaycan hərbçilərinin Barxudarlıda olması haqda informasiyalar təsadüfi ola bilməz. Ermənistan tərəfi rəsmi təkzib yaysa da, xəbərin doğru olduğu ehtimalı daha yüksəkdir.

Asif Nərimanlı


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_tehlil/348854.html